...

Sergey İvanov: MDB ölkələrinin müdafiə nazirləri 2007-ci il üçün birgə tədbirlər planını təsdiq edib

Siyasət Materials 31 May 2006 13:15 (UTC +04:00)
Sergey İvanov: MDB ölkələrinin müdafiə nazirləri 2007-ci il üçün birgə tədbirlər planını təsdiq edib

MDB ölkələrinin müdafiə nazirləri Birlik dövlətlərinin əlaqə sistemləri çərçivəsində bütün alqoritmlər üzrə razılığa gəlib və 2007-ci il üçün birgə operativ hazırlıq tədbirlər planını təsdiqləyib. Bu barədə mayın 3-də Bakıda keçirilmiş mətbuat konfransında Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov MDB ölkələri müdafiə nazirlərinin Azərbaycanda keçirilmiş iclasının yekunlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, iclasda hərbi və hərbi texniki əməkdaşlığın inkişafı ilə bağlı bir sıra mühüm məsələlər nəzərdən keçirilib.

S.İvanov qeyd edib ki, iclas iştirakçıları 2010-cu ilədək MDB dövlətlərinin hərbi əməkdaşlıq konsepsiyasının gerçəkləşdirilməsi üzrə əsas istiqamətləri və tədbirləri təsdiqləyib. 2007-ci ildə HHM üzrə birgə sistemin təkmilləşdirilməsi istiqamətində tədbirlərin maliyyələşdirilməsi ilə bağlı məsələlər razılaşdırılıb. Həmçinin, MDB dövlətləri metroloji xidmətlər koordinasiya komitəsinin işinə və 2010-cu ilədək olan dövrdə bu xidmətlərin birgə fəaliyyətinə yekun vurulub.

O bildirib ki, MDB dövlətlərinin silahlı qüvvələrinin fəaliyyəti ilə bağlı az əhəmiyyət kəsb etməyən bir sıra məsələlər də nəzərdən keçirilib. Əsasən, 2005-ci ildə MDB Silahlı Qüvvələrində uçuşların təhlükəsizlik vəziyyəti təhlil edilib və Birlik iştirakçıları Silahlı qüvvələrin əlaqə sisteminin yaradılması üzrə sənədləri razılaşdırıb.

S.İvanovun sözlərinə görə, münaqişə zonasında sülhün qorunması üzrə kollektiv qüvvələrin fəaliyyəti də müzakirə mövzusu olub.

Şura üzvləri Abxaziyada kollektiv qüvvələrin hazırkı komandanı general-mayor Sergey Yakovleviç Çebanın səlahiyyət müddətinin 6 ay uzadılmasına dair qərar qəbul edib.

"Hesab edirik ki, bugünkü iclas Birlik ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi, etimad və qarşılqlı anlaşmanın dərinləşməsi yolunda daha bir konkret addım oldu", - deyə RF müdafiə naziri sonda bildirib.

Xəbər lenti

Xəbər lenti