Güney Azərbaycan Milli Hərəkatına Dəstək Komitəsi Güney Azərbaycanda baş verənlərlə bağlı iyunun 1-ə planlaşdırdığı etiraz aksiyasını keçirə bilməyib. Trend xəbər verir ki, Səbail rayon Polis İdarəsinin əməkdaşları aksiya iştirakçılarının yürüşünün qarşısını alıblar.
Qeyd edək ki, Güney Azərbaycan Milli Hərəkatına Dəstək Komitəsi İranda baş verənlərlə bağlı əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etmək, daha sonra isə İran səfirliyinin qarşısınadək yürüş keçirməyi planlaşdırıb.
Şəhidlər Xiyabanına toplaşmaq istəyən bir neçə fəalı polislər yaxınlıqdakı mikroavtobuslara mindirərək onlara xiyabanı ziyarət etməyə imkan verməyiblər. Mikroavtobuslara oturdulanlar arasında Bütöv Azərbaycan Birliyi Mərkəzi Şurasının sədri Aqil Səməbdəyli, bayraqdar Elman Türkoğlu da var idi.
Polis zabitləri ilə aksiya iştirakçıları arasında aparılan danışıqlardan sonra Şəhidlər Xiyabanını ziyarət etməyə icazə verilib. Lakin aksiya iştirakçılarının İran səfirliyinədək yürüş keçirmələrinə icazə verilməyib. İran səfirliyinin ətrafı isə Çevik Polis Alayının əməkdaşları tərəfindən mühafizə olunur.
Onu da bildirək ki, Güney Azərbaycan Milli Hərəkatına Dəstək Komitəsi Bütöv Azərbaycan Birliyi, Dünya Azərbaycanlılar Konqresinin hər iki qanadı və Güney Azərbaycan Milli Oyanış Hərəkatı tərəfindən yaradılıb.