Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) iyunun 12-dən başlayaraq aramsız olaraq İran səfirliyi qarşısında etiraz aksiyaları planlaşdırıb. Bu barədə Trend ə MSƏM-də təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.
A.Rüstəmov qeyd edib ki, iyunun 12-dən başlayaraq MSƏM-ə daxil olan partiyalar hər gün İran səfirliyi qarşısında etiraz aksiyası keçirəcək: "Məqsədimiz dünya ictimaiyyətini Güney Azərbaycanda baş verən məlum hadisələrə yönəltməklə yanaşı İran dövlətinin vətəndaşlarına qarşı tutduğu destruktiv mövqeyinin iç üzünü açmaqdır".
A.Rüstəmov onu da bildirib ki, hələlik estafeti AMİP üzərinə götürəcək: "Artıq biz üç belə aksiya keçirmişik. Növbəti aksiyamızı isə iyunun 9-a planlaşdırmışıq. Bizdən sonra isə mərkəzə daxil olan partiyalar ayrı-ayrılıqda piketlər keçirəcəklər". AMİP rəsmisi piketlərin vaxtının bir neçə gündən sonra müəyyənləşdiriləcəyini qeyd edib. Onu da bildirib ki, hər aksiya öncəsi Bakı meriyasına müraciət olunacaq: "Ancaq müraciətimizə veriləcək cavabdan asılı olmayaraq biz aksiyalarımızı keçirəcəyik".
Qeyd edək ki, MSƏM-də İsgəndər Həmidovun rəhbərlik etdiyi Azərbaycan Milli Demokrat Partiyası, İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası, Çingiz Dəmiroğlunun liderlik etdiyi Tərəqqi Partiyası, AMİP və Fərəc Quliyevin lideri olduğu Milli Dirçəliş Hərəkatı təmsil olunur.