Bu ilin ilk 5 ayı ərzində Gəncədə 61 nəfər vərəmə yoluxan xəstə qeydə alınıb. Bu da 2005-ci ilin son 5 ayındakı ilkin xəstə vətəndaşların sayından 7 nəfər çoxdur. Bu barədə məlumatı Gəncə Ağciyər xəstəlikləri reqional dispanserinin baş həkimi Əli Rüstəmov verib. Onun sözlərinə görə vərəm diaqnozu ilə qəbul olunan vətəndaşların sayı artsa da, bu xəstəlikdən dünyasını dəyişənlərin sayı nisbətdə 3 nəfər azdır. Belə ki, ötən ilin son 5 ayında bu rəqəm 7 nəfər olubsa, bu il cəmi 4 xəstə həyatı ilə vidalaşmalı olub. Dispanserdən verilən informasiyaya əsasən, bu gün müəssisədə 913 xəstə ambulator qeydiyyatdadır. Onlara mütəmadi olaraq preparat yardımları edilir və müəyyən vaxtlarda yaşadıqları mənzillərdə dezinfeksiya işləri edilir.
"Bu, ictimai-sosial xəstəlik olduğundan onunla mübarizəni yalnız tibb işçiləri aparmamalıdır. Bu işdə hamı yardımçı olmalıdır" - deyə Əli Rüstəmov Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən DOTS proqramı çərçivəsində dispanserə və xəstələrə bir sıra köməkliklərin olduğunu dedi. Onun sözlərinə görə, bu ilin fevral ayında ÜST dispanserə 1 ədəd EVA rentgenoqrafiya aparatı, binokulyar mikroskop verib.
Əli Rüstəmovun sözlərinə görə bundan başqa Gəncə Səhiyyə İdarəsinin xətti ilə dövlət büdcəsi vəsaitindən gün ərzində hər bir stasionar xəstəyə 1 manat 60 qəpik dərman üçün, 70 qəpik isə ərzaq üçün vəsait ayrılır. Baş həkimin sözlərinə görə, Gəncədə vərəm makobakteriyası ifraz edən xəstə aşkar edilən kimi ondan götürülən analizlər dərhal Respublika Ağciyər Xəstəlikləri İnstitutuna aparılır. Həmin nümunələr isə oradan da laboratoriya müayinəsi keçirilmək üçün Almaniyaya göndərilir.
Ağciyər xəstəlikləri reqional dispanserinin baş həkimi Əli Rüstəmovun sözlərinə görə, Gəncədə vərəmə yoluxan xəstələrin sayı hər 100 000 nəfərə 37 nəfərdir. Bu isə o deməkdir ki, şəhərimiz epidemiologiya baxımından gərgin zona hesab olunur. Odur ki, hər vətəndaş ehtiyatlı olmalıdır. Baş həkim onu da əlavə etdi ki, artıq belə bir məsələ qaldırılıb ki, Gənjədə reqional referens laboratoriya tikilsin. Belə olan halda vərəmə yoluxan xəstələrin diaqnozunu dəqiqləşdirmək və o çöplərin dərman preparatlarına qarşı həssaslığını dəqiqləşdirmək asan olacaq.