...

Vaşinqton Elmlər Akademiyası Azərbaycanın qədim əlyazmalarını dünyaya tanıtmaq istəyir

Siyasət Materials 13 İyun 2006 17:04 (UTC +04:00)
Vaşinqton Elmlər Akademiyası Azərbaycanın qədim əlyazmalarını dünyaya tanıtmaq istəyir

Vaşinqton Elmlər Akademiyası Azərbaycanda qorunan qədim nadir əlyazmaları dünyaya tanıtmaq istəyir. Bu barədə Trend ə eksklüziv olaraq Vaşinqton Elmlər Akademiyasının vitse-prezidenti, ABŞ Təbiət Tarixi Smitson Milli Muzeyi departamentinin başçısı Alan Tuveyd xəbər verib.

Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyasının YUNESKO-nun iştirakı ilə təşkil etdiyi "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda Birinci Beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş alim Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və Heydər Əliyev Fonlunun prezidenti Mehriban Əliyeva ilə əməkdaşlığın perspektivlərini artıq müzakirə edib.

A.Tuveydin sözlərinə görə, bu görüşlər zamanı o, bu layihənin həyata keçirilməsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası, Vaşinqton Akademiyası və ABŞ Təbiət Tarixi Smitson Milli Muzeyindən ibarət "üçbucağın" yaradılması haqqında təşəbbüslə çıxış edib. O qeyd edib ki, bu layihənin reallaşmasına həm Heydər Əliyev Fondu, həm də YUNESKO cəlb oluna bilər.

A.Tuveydin sözlərinə görə, layihənin reallaşması ideyası yalnız bu qiymətli əlyazmalar haqqında daha ətraflı məlumatın dünyaya çatdırılmasından deyil, həm də onların müasir tibb və mədəniyyətə verəcəyi faydanın müəyyən olunmasından ibarətdir. Vaşinqton Elmlər Akademiyasının vitse-prezidentinin qeyd etdiyi kimi, 2008-ci ildə Vaşinqtonda Azərbaycan əlyazmalarının da təqdim olunacağı "Qədim bitkilər- yeni dərmanlar" adlı sərginin təşkil olunması gözlənilir.

Xatırladaq ki, Azərbaycana məxsus tibb və əczaçılıq üzrə üç nadir əlyazma 29 iyul 2005-ci ildə YUNESKO-nun "Dünya Yaddaşı" proqramının beynəlxalq reyestrinə daxil edilib. Bu əlyazmalar Rüstəm Cürcaninin "Zahireyi- Nizamşahi" (XIII əsr), Əbu Əli İbn Sinanın "Əl-Qanun fit-Tibb" əsəri (XII əsr) və Əbülqasım Zəhravinin "Əl - Məqalət əs-Səlasun" əsəridir (XI əsr). YUNESKO-nun proqramına bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik yazılı abidələrin mühafizəsi daxildir. Hazırda proqramın reyestrinə dünyanın 57 ölkəsinin bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik 120 yazılı abidəsi daxildir.

Xəbər lenti

Xəbər lenti