İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin iyunun 19-21-də Bakıda keçiriləcək 33-cü sessiyasında təşkilata üzv 57 ölkənin təxminən 50-dən nümayəndə heyəti iştirak edəcək. Bu barədə Trend ə sessiyanın təşkilat komitəsindən məlumat verilib.
Təşkilata üzv olan 45 ölkə (İran, İraq, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, Özbəkistan və s.) XİN başçıları, yerdə qalan ölkələr isə nazir müavinləri səviyyəsində təmsil olunacaq.
Sessiyada bir sıra beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək. Artıq ATƏT-in baş katibi Mark Perren de Brişanbo, Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur-Bukikkio, YUNESKO baş direktorunun müavini Əhməd Sayad, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Brans MakKinli və başqaları sessiyada iştiraklarını təsdiqləyib.
Xatırladaq ki, sessiyanın yekunları üzrə Bakı bəyannaməsinin qəbul olunacağı gözlənilir.