Avropa Komissiyası 2007-ci il ərzində Azərbaycanda nümayəndəliyini açmaq niyyətindədir. Bu barədə Trend ə müsahibəsində AK-nın Azərbaycandakı xüsusi diplomatik nümayəndəsi Alan Uaddams bəyan edib.
Nümayəndəlik səfirliyin funksiyalarını yerinə yetirəcək və AK-nın səlahiyyətlərinə aid olan məsələlərlə (siyasi və iqtisadi məsələlər, Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planının gerçəkləşdirilməsi və s.) məşğul olacaq. Bu nümayəndəliyin hazırda Bakıda fəaliyyət göstərən Avropa Evindən (Europa House) fərqi diplomatik funksiyaları yerinə yetirməsi olacaq. Europa House isə texniki ofisdir və əsasən iqtisadi məsələlərlə məşğul olur.
A.Uaddams nümayəndəliyin rəhbəri postuna namizədin hələlik məlum olmadığını bildirib.