Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqatı üçün dövlət büdcəsindən pul vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
MSK-nın mətbuat və informasiya xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, bu məsələ komissiyanın iclasında müzakirəyə çıxarılacaq. Çox güman ki, bu seçkidə namizədlərə təbliğat üçün dövlət tərəfindən vəsait ayrılmayacaq. MSK-nın iclasında həmçinin seçkilərin təşviqat dövründə namizədlərin televiziyalarda ödənişsiz təbliğat aparması məsələsi də müzakirəyə çıxarılacaq. Azər Sarıyevin sözlərinə görə, ölkə üzrə bütün bələdiyyələrin yarıdan çoxunda namizədləri olan siyasi partiya və bloklara pulsuz efir vaxtından istifadə etmək imkanı verilə bilər: "Bunlar hamısı barəsində MSK-nın iclasında müvafiq qərarlar veriləcək".
A.Sarıyev onu da deyib ki, bələdiyyə üzvlüyünə namizədliyini irəli sürənlərdən hələlik heç kəs qeydə alınmayıb. Xatırladaq ki, oktyabrın 6-da 604 bələdiyyəyə seçkilər keçiriləcək.