...

HP şirkəti Azərbaycanda texnoparkların yaradılmasında iştirak etmək niyyətindədir

Siyasət Materials 23 İyun 2006 17:34 (UTC +04:00)
HP şirkəti Azərbaycanda texnoparkların yaradılmasında iştirak etmək niyyətindədir

Trend in Hewlett Packard şirkətinin MDB ölkələri üzrə baş direktoru Hilmar Lorenslə eksklüziv müsahibə

- MDB ölkələrində, xüsusilə də, Azərbaycanda İT bazarının vəziyyətini necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, MDB-nin İT bazarı hazırda sürətlə inkişaf edir. Bunu dünya miqyasında nəzərdən keçirsək, bu regionda bizim ən yüksək artım sürətimiz var. Azərbaycan qabaqcıl mövqelərdən birini tutur və burada inkişafa xidmət edən bir sıra amillər var: birincisi, bizim müşahidə etdiyimiz iqtisadi inkişafdır. Düşünürəm ki, bunun çox böyük əhəmiyyəti var. Bundan başqa, informasiya texnologiyaları bütün ölkənin iqtisadi inkişafı üçün "onurğa sütunu"dur.

İkinci mühüm amil - hökumət tərəfindən göstərilən böyük diqqətdir. Dövlət başçısının informasiya-kommunikasiya texnologiyalarının inkişafında maraqlı olması və bu proseslə məşğul olması faktının özü yeni texnologiyalar və kommunikasiya sahəsindəki son nailiyyətlərin tətbiqinə müsbət təsir göstərir.

Bütün bunlar Azərbaycanda qabarıqdır. Buna görə biz buradayıq. Bizim Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri ilə sıx əlaqəmiz var. Bundan əlavə, istənilən işin uğurlu nəticəsi öz işini peşəkarcasına yerinə yetirən insanlardan asılıdır. Bu sahədə yüksək ixtisaslı şəxslərin işləməsi vacibdir. Bu, bizdə həmin meylin gələcəkdə də inkişaf edəcəyinə əminlik yaradır.

- Sizin Azərbaycana səfərinizin məqsədi nədir?

- Bildiyiniz kimi, bizim şirkətin Bakıda nümayəndəliyi var ki, mən də ora müntəzəm olaraq baş çəkirəm. Nazirliklərlə görüşlər keçirilir, yeni layihələrin gerçəkləşdirmə mümkünlüyü müzakirə olunur. Biz Təhsil Nazirliyi ilə yeni layihələr həyata keçirmək niyyətindəyik. Tərəfdaşlarımızla işləyirik. İnformasiya texnologiyaları - geniş istifadə olunan sahədir. Buna görə burada rəqabət aparmağı bacarmaq lazımdır. Bütün bunlardan əlavə, Azərbaycanda olmaq xoşdur.

- HP şirkətinin MDB-də, xüsusilə, Azərbaycanda əsas strategiyası nədən ibarətdir?

- Bizim şirkətin MDB-də əsas strategiyası - ən son İT məhsullarını bazara daxil etməkdir. Biz gələcəkdə də MDB-dəki fəaliyyətimizi yeni nümayəndəliklər açmaqla inkişaf etdirmək niyyətindəyik. Bununla əlaqədar planlarımız var.

- Azərbaycanda yüksək texnologiyalar üzrə xüsusi zonanın - texnoparkların yaradılmasına fəal hazırlıq gedir. HP şirkəti bu layihədə iştirak etmək niyyətidədirmi?

- Bu, mənim Azərbaycana səfərimin əsas məqsədlərindən biridir. Biz, əlbəttə ki, bu işdə maraqlıyıq və texnoparkların yaradılmasında iştirak etmək istəyirik. Bizim şirkət tərəfindən konkret təkliflərə gəldikdə, bu incəliklər hələ müzakirə mərhələsindədir.

Bu gün biz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşmüşük. Bu istiqamətdə müəyyən iş gedir.

Xəbər lenti

Xəbər lenti