...

Əli Həsənov: "Azərbaycan iqtidarı Müsavat Partiyasının zəifləməsində, parçalanmasında deyil, güclənməsində maraqlıdır"

Siyasət Materials 14 İyul 2006 18:57 (UTC +04:00)

Məhkəmə prosesi tam başa çatmadan məhkəmə qərarı barədə fikir söyləmək işin gedişinə bu və ya digər dərəcədə təsir göstərə bilər. Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Yeni Fikir" Gənclər təşkilatının rəhbərlərinin barəsində çıxarılmış məhkəmə hökmünə münasibət bildirərkən deyib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisi, ABŞ səfirliyi həmin məsələ ilə əlaqədar bəyanat verərək gənclər təşkilatının sədr və müavinlərinə həbs cəzasının verilməsindən narahatlıq keçirdiklərini bildiriblər. Əli Həsənov isə qeyd edi ki, hələ məhkəmə prosesi başa çatmış sayılmır: "Təqsirləndirilən tərəfin apellyasiya şikayəti vermək hüququ var. Bu məsələyə növbəti məhkəmə instansiyalarında baxıla bilər. Ona görə də indidən münasibət bildirmək növbəti məhkəmə instansiyalarının qərarlarına bu və ya digər dərəcədə təsir edə bilər"-deyə Ə.Həsənov qeyd edib.

Prezident Aparatı rəsmisi iqtidarın müxalifəti, xüsusilə də Müsavat Partiyasını parçalamağa çalışması barədə müxalifət düşərgəsinin iddialarına da münasibət bildirib. Əli Həsənov qeyd edib ki, Azərbaycan hökumətinin Müsavat Partiyasının zəifləməsində, parçalanmasında deyil, əksinə güclənməsində marağı var: "Çünki Azərbaycan dövləti demokratik bir dövlətdir, siyasi plüralizm və demokratik prinsiplərlə idarə olunur. Belə bir dövlətdə siyasi plüralizmin hökm sürməsi üçün siyasi partiyalar institutu mövcüd olmalıdır. Siyasi partiyalar institutu nə qədər güclü olsa, hakimiyyət və onun idarəçiliyi də bir o qədər güclü olur. Biz istəyirik ki, Müsavat Partiyasında əsil demokratik idarəçilik prinsipləri mövcud olsun, partiya ayrı-ayrı insanların monopoliyasında olmasın, ən layiqli insanlar önə çıxsın, vətəndaş institutu formalaşsın, Azərbaycanın demokratik gələcəyi, inkişafı ilə bağlı normal düşüncələri, konseptual baxışları olan və üzvlər tərəfindən dəstəklənən şəxslər partiyaya rəhbərlik etsin, Azərbaycanın gələcəyi ilə bağlı sağlam fikirlər formalaşsın".

Xəbər lenti

Xəbər lenti