...

İyulun 15-16-da xilasedicilər tərəfindən dövlət çimərliklərində 9 nəfər xilas edilib

Siyasət Materials 19 İyul 2006 19:54 (UTC +04:00)

İyulun 15-16-da xilasedicilər tərəfindən dövlət çimərliklərində 9 nəfər xilas edilib. Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, su hövzələrində istirahət edən vətəndaşlara dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq onlar yenə də qeyri-çimərliklərdə istirahətə üstünlük verərək həyatlarını təhlükə altına atırlar. Məlumatda həyatlarını təhlükə altına atan şəxslər barədə də bilgi verilib. Qeyd olunub ki, Quba şəhər sakini Bayraməliyeva Sevinc Bayraməli qızı Xaçmaz rayonunun Nizovaya kəndinin qeyri-çimərlik ərazisində batıb. Meyit çimərlikdən 4 kilometr aralıda tapılıb.

İyulun 16-da Əzizbəyov rayon Əmircan qəsəbəsinin sakinləri 1964-cü il təvəllüdlü Həbibov Rasim Ağa oğlu, 1995-ci il təvəllüdlü Həbibov Orxan Rasim oğlu və 1972-ci il təvəllüdlü Qəhrəmanov Süleyman Kamil oğlu "Mayak" özəl çimərliyi yaxınlığındakı Şüvəlan qəsəbəsinin qayalıq ərazisində batıb. Suda boğulan həyat yoldaşı və oğlunu xilas etmək məqsədilə özünü suya atan Yaqut Həbibovanı boğularkən xilasedicilər dənizdən çıxarıblar. Suda batan həmin üç nəfərin meyiti xilasedicilər tərəfindən tapılıb.

Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir ki, qadağanedici lövhələrin olduğu su hövzələrində çimmək olmaz.

Xəbər lenti

Xəbər lenti