...

Azərbaycan XİN işğal olunmuş ərazilərdə yanğınların söndürülməsi üzrə fəaliyyət planının hazırlanması üçün ATƏT-ə müraciət edib

Siyasət Materials 21 İyul 2006 20:08 (UTC +04:00)
Azərbaycan XİN işğal olunmuş ərazilərdə yanğınların söndürülməsi üzrə fəaliyyət planının hazırlanması üçün ATƏT-ə müraciət edib

Azərbaycan xarici işlər naziri işğal olunmuş Azərbaycan ərazilərində yanğınların söndürülməsi üzrə fəaliyyət planının hazırlanması üçün yaxın vaxtlarda ATƏT-ə müraciət edəcək. Bu barədə Trend ə nazirliyin mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

O deyib ki, XİN ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşikin hesabatını öyrənib. Burada işğal olunmuş ərazilərdəki yanğın faktları təsdiqlənir. Hesabatın sonunda deyilir ki, münaqişə tərəfləri yanğınlarla mübarizə etmək üçün avadanlığa malik deyil və bu məqsədlə beynəlxalq yardım təklif olunur. "Biz bu yanaşmanı alqışlayırıq və yanğınların region üçün mümkün faciəvi nəticələrini nəzərə alaraq xarici işlər nazirinin simasında Azərbaycan bu məsələni şəxsi nəzarətdə saxlayır və konkret fəaliyyət planının hazırlanması üçün yaxın vaxtlarda ATƏT rəhbərliyinə müraciət edəcək" - deyə diplomat qeyd edib.

T.Tağızadə əlavə edib ki, hesabatda yanğınların səbəbi kimi bir neçə variant göstərilir. "Azərbaycan bu hesabatdan nə dərəcədə razıdır" sualına T.Tağızadə deyib: "Biz bu yanğınlara Azərbaycan və region üçün real problem kimi yanaşırıq. Hesab edirik ki, bunun nəticələrini aradan qaldırmaq lazımdır və buna görə "razı və ya narazı" terminləri yersizdir".

Xəbər lenti

Xəbər lenti