...

İki ildən sonra Azərbaycan qaçqınlarının beynəlxalq humanitar yardıma ehtiyacı olmayacaq

Siyasət Materials 28 İyul 2006 14:00 (UTC +04:00)

İki ildən sonra Azərbaycan qaçqınları və məcburi köçkünlərinin beynəlxalq humanitar yardıma ehtiyacı olmayacaq. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 28-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru C.Morris Azərbaycan səfərinin yekunlarına görə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, ÜƏP proqramının rəhbəri Azərbaycan höküməti ilə əməkdaşlıqdan razıdır. "Biz hökümətin gələn ilin sonunadək qaçqın və məcburi köçkünlər üçün bütün çadır şəhərciklərini ləğv etmək öhdəliyini öz üzərinə götürməsi faktını yüksək qiymətləndiririk", - deyə o bildirib.

Onun sözlərinə görə, ÜƏP 1994-cü ildən Azərbaycanın 500 mindən artıq qaçqın və məcburi köçkününə humanitar yardım göstərib və bu yardım proqramının müddətini iki il də artırmaq haqqında qərar qəbul edib. "Bu vaxt ərzində biz bu kateqoriyadan olan daha 33 min şəxsə ərzaq yardımı göstərəcəyik. Bu, təşkilat üçün kifayət qədər uzunmüddətli fəaliyyətdir", - deyə o vurğulayıb.

İndiyədək Azərbaycan höküməti təxminən 120 milyon ABŞ dolları humanitar yardım alıb. Lakin, o qeyd edib ki, dünyada təbii fəlakət və hərbi münaqişələrin sayı dayanmadan artır və ona görə də ÜƏP öz diqqət və humanitar yardımını məhz planetin qaynar nöqtələrinə yönəltməlidir.

ÜƏP-in icraçı direktoru ümid etdiyini bildirib ki, Azərbaycan höküməti ilə əməkdaşlıq öz bəhrəsini verəcək və qaçqın və məcburi köçkünlərin sosial problemləri qismən həll ediləcək.

Mətbuat konfransında çıxış edən baş nazir müavini, Qaçqın və Məcburi köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu kateqoriyadan olan problemlərin həllində hökümətə göstərdiyi köməyə görə Təşkilata öz minnətdarlığını bildirib. O bildirib ki, ÜƏP uzun müddət ərzində əhalinin bu kateqoriyasına yardım göstərən təşkilatdır. O, proqramın uzadılmasına dair təşkilatın verdiyi qərarı salamlayıb və qeyd edib ki, hökümət hələ qaçqın və köçkünlərin bütün problemlərini tam həll etmək iqtidarında deyil.

"Dağlıq Qarabağ münaqişəsi tamamilə həll olunmayanadək, qaçqın və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmayacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti