...

Aydın Mirzəzadə: "Azərbaycanda demokratiyanın inkişafı hansısa xarici təşkilatın rəyi ilə ölçülmür"

Siyasət Materials 3 Avqust 2006 14:30 (UTC +04:00)

Azərbaycanda demokratiyanın inkişafı hansısa xarici dövlətin təşkilatının rəyi ilə ölçülmür. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə "Freedom House" təşkilatının Azərbaycanla bağlı növbəti hesabatına münasibət bildirərəkən qeyd edib.

Qeyd edək ki, qərargahı Nyu-Yorkda yerləşən və dünyada demokratik azadlıqların vəziyyətini araşdıran "Freedom House" təşkilatının strateji baxımdan önəmli, 30 keçid dövrü yaşayan ölkədə demokratiyanın vəziyyətinə dair açıqlanacaq hesabatında Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın kəskin problem olaraq qaldığı göstərilib.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycana demokratiya onun inkişafı, dövlət müstəqillyinin möhkəmləndirilməsi üçün lazımdır: "Heç kəs Azərbaycanı demokratik inkişafdan, insan hüquqlarının Avropa standartlarına uyğun qorunmasından geri çəkə bilməyəcək. Bir qayda olaraq "Freedom House" təşkilatı Azərbaycana mənfi qiymət verir. Bu təşkilat Azərbaycanda demokratik istiqamətdə atılan müsbət addımları görməməyi özünün prinsipinə çevirib".

YAP rəsmisi təəssüfləndiyini bildirib ki, ABŞ administrasiyası "Minilliyin çağırışları" proqramı iştirakçılarına özünün obyektiv fikrinə görə deyil, kənardan hansısa QHT-nin rəyinə görə qiymət verir: "ABŞ-ın Bakıdakı səfirliyinin əməkdaşları Azərbaycanda gedən demokratiyanın inkişafına qiymət verə bilərdilər. Azərbaycan hansısa QHT-nin hesabatında müsbət rəy almaq üçün demokratiyasını inkişaf etdirmir. Bizim üçün vacib olan xalqın qiymətidir".

Onu da bildirək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə ikinci köməkçisi, Minsk Qrupunun həmsədri Metyu Brayza isə "Azadlıq" radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində Azərbaycanın "Minilliyin çağırışları" proqramından üç il kənarda qalmasının səbəbini Dünya Bankının və "Freedom House"" təşkilatının kriteriyalarına cavab vermədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti