...

Qanunvericiliyin ÜTT standartlarına uyğunlaşdırılması prosesinə start verilib

Siyasət Materials 5 Avqust 2006 11:39 (UTC +04:00)

Qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara və Ümumdünya Ticarət Təşkilatı çərçivəsində bağlanmış sazişlərə uyğunlaşdırılması prosesinə start verilib.

Danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin Trend ə verdiyi məlumata əsasən, prezident Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi üzrə fəaliyyət planının yerinə yetirilməsi üçün avqustun 2-də sərəncam imzalayıb.

Onun sözlərinə görə, bu, qanunvericiliyə yenidən baxmaq, ona dəyişiklik və əlavələr etmək ÜTT dövlətləri tərəfindən Azərbaycan qarşısında qoyulan vəzifənin yerinə yetirilməsi istiqamətində atılan ciddi addımdır.

"İkincisi, bu, ÜTT-yə qoşulmaqla bağlı danışıqlar prosesinə təkan verəcək. Digər tərəfdən, bu, ilk növbədə ölkədəki iqtisadi islahatları uğurla inkişaf etdirmək üçün lazımdır" - deyə nazir müavini qeyd edib. Fəaliyyət planına əsasən, həmin dəyişikliklər 2007-ci il ərzində həyata keçirilməlidir. ÜTT-yə qoşulmaqla bağlı danışıqlar prosesi bundan asılıdır.

Azərbaycandakı ticarət rejimi ölkənin ÜTT-yə qoşulması üzrə danışıqlar prosesində əsas məsələlərdən biridir. ÜTT dövlətlərini lisenziyalaşdırma, gömrük prosedurları, xüsusilə Azərbaycan hökumətinin xarici ticarət haqqında qanunverici aktlara edəcəyi dəyişikliklər və bunun müddəti maraqlandırır.

Gömrük Məcəlləsində də dəyişikliklər gözlənilir. Bundan əlavə, standartlaşdırma üzrə hüquqi aktlar da böyük dəyişikliyə məruz qalacaq. Məhsulun keyfiyyətinə nəzarət haqqında qanunverici aktların təkmilləşdirilməsi çox vaxt tələb edəcək, çünki standartlaşdırma üzrə qanunvericilik çox genişdir. Standartlaşdırma, Patent və Metrologiya Agentliyindən başqa, digər nazirliklər də yurisdiksiyalarında olan xüsusi malları idarə edir.

ÜTT üzvləri tələb edir ki, qanunvericilik aydın və ziddiyyətsiz olsun. Digər tərəfən açıq və aydın prosedurların inkişaf etdirilməsi də lazımdır.

Xəbər lenti

Xəbər lenti