Gürcüstan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin MDB-nin yenidən formalaşdırılması ilə bağlı təkliflərini öyrənir. Ancaq hesab edir ki, bu proses demək olar ki, qeyri-mümkündür. Trend in Kavkaz-Press-ə istinadən xəbər verdiyi kimi, bu barədə Gürcüstanın XİN başçısı Gela Bejuaşvili bəyan edib.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin iştirak etmədiyi MDB-nin sonuncu qeyri-formal sammitində Nazarbayev birliyin daha fəal quruma çevrilməsi variantını təklif edib. Bu ideya sammit iştirakçılarının böyük əksəriyyəti tərəfindən təqdir edilib. Qeyd etmək lazımdır ki, 12 prezidentdən 5-i müxtəlif səbəblərlə əlaqədar Moskvaya getməmişdi.
"Biz Nazarbayevin təkliflərinə hörmət və maraqla yanaşırıq. Ancaq hesab edirik ki, bu yaxşı təkliflər paketi bir qədər gecikib", - deyə G.Bejuaşvili qeyd edib. Onun sözlərinə görə, "istənilən nüfuzlu beynəlxalq təşkilatın əsas bağlayıcı elementi - prinsip və dəyərləri olmayan" təşkilatı canlandırmaq olmaz. Artıq Gürcüstan hökumətinə ölkənin MDB-dən çıxması məsələsinin öyrənilməsi ilə bağlı tapşırıqlar verilib.