...

BMT-nin ali komissarı: Azərbaycan qaçqınların yaşam şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğdə sərmayə qoyur

Siyasət Materials 17 Avqust 2006 19:13 (UTC +04:00)
BMT-nin ali komissarı: Azərbaycan qaçqınların yaşam şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğdə sərmayə qoyur

Bu gün BMT-nin qaçqınların işi üzrə ali Komissarlığının əsas məqsədi Azərbaycandakı qaçqınların vəziyyəti haqqında məlumatı dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan və məcburi köçkünlərin doğma yurdlarına qayıtdığı vaxt Azərbaycan hökümətinə yardım etməkdən ibarətdir. Trend xəbər verir ki, bu barədə bu gün BMT-nin qaçqınların işi üzrə ali komissarı Antonio Qutteres bəyan edib.

Onun sözlərinə görə, ötən ildən etibarən BMT-nin qaçqınların işi üzrə ali komissarı Azərbaycan qaçqınlarına qarşı öz mövqelərini dəyişib. "Bundan sonra bu məsələdə işlər hökümətin üzərinə düşür, lakin istənilən halda ali komissarlıq Azərbaycandakı qaçqınların vəziyyətinə xüsusi diqqət ayıracaq və problemin davamlı həllinə nail olmaq istəyir", - deyə o bildirib.

O qeyd edib ki, komissarlıq bu məsələnin davamlı həllinin yalnız köçkünlərin öz doğma yerlərinə qayıtması ola biləcəyini hesab edir. "Təşkilat bir çox ölkələrə humanitar yardım göstərir, lakin Azərbaycanda vəziyyət başqadır. Hökümətin yardımı kifayət qədər keyfiyyətlidir. Hökümət qaçqın və məcburi köçkünlərin yaşam şəraitinin yaxşılaşdırılması üçün böyük məbləğdə sərmayələr qoyur. Bu məsələ daim ölkə prezidentinin diqqətindədir və bu diqqətin ən yaxşı göstəricisi - 2007-ci ilə qədər çadır şəhərciklərinin ləğv edilməsidir", - deyə o bildirib.

Antonio Qutteres həmçinin qeyd edib ki, bundan sonra təşkilatın fəaliyyəti qaçqın və məcburi köçkünlərin onların hüquqlarına dair məsələlərdə maarifləndirilməsinə yönələcək. "Ali komissarlıq Azərbaycan höküməti ilə əməkdaşlığı davam etdirəcək. Məmurlar üçün treninqlər təşkil olunacaq", - deyə o bildirib. Bütün bunlar Azərbaycan höküməti və Ali komissarlıq arasında yetkin münasibətlərin olduğundan xəbər verir.

"Komissarlıq bu cür əməkdaşlığı inkişaf etmiş ölkələrdə də dəstəkləyir", - deyə o qeyd edib və əlavə edib ki, tezliklə Azərbaycan iqtisadiyyatın yüksək səviyyədə inkişaf etdiyi dövlət olacaq. "Bu, Azərbaycanı mühacirlər və sığınacaq axtaran insanlar üçün maraqlı edir. Bununla əlaqədar Azərbaycanda müvafiq işlər görülür", - deyə o bildirib.

Azərbaycan bölgələrinə səfərini və qaçqınlarla görüşünü şərh edərkən, komissar qeyd edib ki, onlar öz torpaqlarına qayıtmaq istədiklərini bildiriblər.

Azərbaycanın Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin başçısı Əli Həsənov bildirib ki, köçkünlərin öz torpaqlarına qaytarılması üçün beynəlxalq donor təşkilatlarının iştirakı ilə plan hazırlanmasına ehtiyac duyulur. "Bunun üçün təxminən 60 mln. ABŞ dolları lazım olacaq. Dəqiq rəqəm "Köçkünlərin qayıtmasının böyük planı"nı hazırlandıqdan və danışıqlar keçirildikdən sonra məlum olacaq", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti