...

Azərbaycan qazı Rusiya ilə danışıqlarda Türkiyənin əlində əsas vasitədir

Siyasət Materials 25 Avqust 2006 15:57 (UTC +04:00)
Azərbaycan qazı  Rusiya ilə danışıqlarda Türkiyənin əlində əsas vasitədir

Rusiya ilə enerji daşıyıcıları üzrə danışıqlarda Türkiyənin əlində olan əsas vasitə Azərbaycan qazı olacaq. Bu barədə Trend Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir. Əgər Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəmərinin (SCP) tikintisi üzrə işlər planlaşdırılan vaxtda getsə, o zaman artıq sentyabrın 30-da Azərbaycan qazının ilk partiyası ölkəyə daxil olacaq. Nəticədə Türkiyənin Energetika Nazirliyinin əlində Rusiya və İran qazının qiymətini azaltmaq üçün mühüm vasitə olacaq, çünki Azərbaycan qazı daha aşağı qiymətlərlə tədarük olunacaq.

2005-ci ilin sonuna olan rəsmi məlumatlara görə, Türkiyə Rusiya qazının kubmetrinə görə 243 dollar ödəyir, İranın Ankaraya satdığı qazın 1 kubmetrinin qiyməti isə 236 dollardır. "Zaman"da qeyd olunub ki, Türkiyənin "Botaş" şirkətinin nümayəndələri Britaniyanın "BP" şirkətini tənqid edib. Çünki bu şirkət, onların sözlərinə görə, 1 kubmetri 120 dollar olan Azərbaycan qazının qiymətinin qaldırılması üçün siyasət yürüdür. "BP" nümayəndələri müxtəlif platformalarda "Şahdəniz" layihəsi çərçivəsində qazın qiymətinin qaldırılmasının tərəfdarı kimi çıxış edir, bu isə Rusiyanın xeyrinədir", -deyə "Botaş" şirkətində bildirilib.

Eyni zamanda Türkiyənin Energetika Nazirliyi Azərbaycan qazının Gürcüstana tədarük edilməsinə qarşı çıxış edib. "Bütün qaz Türkiyənin daxili tələbatlarının ödənilməsi üçün lazımdır", - deyə nazirlikdən bildirilib və qeyd olunub ki, Gürcüstan hər il 6,6 milyard kubmetr Azərbaycan qazının 2 mlrd. kubmetrini almaq istədiyini bildirib.

Bununla yanaşı, SCP -nin Türkiyə hissəsinin tikintisinə cavabdeh olan "Günsayıl" şirkətinin rəhbəri artıq bildirib ki, 225 kilometrlik ərazi bu ilin sentyabr ayında hazır olacaq.

Qeyd edək ki, "Şahdəniz" layihəsinin şərtlərinə əsasən, 15 il ərzində Türkiyəyə ildə 6,6 mlrd. kubmetr qaz tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti