...

Koreya Azərbaycandan enerji resurslarının idxalında maraqlıdır

Siyasət Materials 29 Avqust 2006 12:34 (UTC +04:00)
Koreya Azərbaycandan enerji resurslarının idxalında maraqlıdır

Bu gün Bakıda Azərbaycanın Sənaye və Energetika Nazirliyinin binasında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan -Koreya komissiyası çərçivəsində sənaye, energetika və təbi resurslar üzrə işçi qrupun toplantısı başlayıb. Bu barədə Trend xəbər verir.

İşçi qrupun toplantısının gündəliyində dörd məsələ durur: energetika və mineral resurslar sahəsində hazırki vəziyyət və inkişaf perspektivləri, texniki əməkdaşlıq və informasiya mübadiləsi, energetika və mineral resurslar üzrə birgə layihələr, elektrik energetikası sahəsində əməkdaşlıq.

Ölkənin Sənaye və Energetika Nazirliyinin investisiya siyasəti və sənaye müəssisələrinin yenidən qurulması şöbəsinin başçısı Ramiz Rzayev bu günkü görüşdə bildirib ki, Koreya prezidentinin may ayında Azərbaycana səfəri zamanı energetikanın müxtəlif sahələrində, o cümlədən qaz, elektrik enerjisi, neft sahələrində "Qarşılıqlı anlaşma haqqında" memorandumlar imzalanıb. "Memorandumlar ölkələr arasında qarşılıqlı əməkdaşlığın əsasıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın sərmayə iqlimi çox cəlbedicidir. O cümlədən, Azərbaycan Koreyanın iş adamlarını iqtisadiyyatın neft-qaz, maşınqayırma, energetika, qida və s. sahələrində iştirak etmələrini təklif edir.

"Biz Koreyanın yüksək texnologiyalarının Azərbaycana cəlb olunmasında çox maraqlıyıq", - deyə R.Rzayev qeyd edib.

Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qulun sözlərinə görə, Koreya enerji resurslarının idxalçısıdır və ona görə də ölkə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.

"Koreya xaricdə energetika layihələrinin gerçəkləşdirilməsi üçün böyük səy göstərir. O cümlədən Koreya "İnam" layihəsində iştirak etmək niyyətindədir", - deyə o bildirib.

Azərbaycanın "İnam" perspektiv strukturunun işlənməsi üzrə dəniz layihəsində BP Azərbaycan şirkəti işləyir. ARDNŞ layihədə 50% paya malikdir. Koreya nümayəndələri ARDNŞ-in bu layihədəki 50% payından 20%-ni almaq istədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti