...

ATƏT sədri: Dağlıq Qarabağ probleminin tənzimlənməsində ciddi maneələr var

Siyasət Materials 30 Avqust 2006 13:49 (UTC +04:00)
ATƏT sədri: Dağlıq Qarabağ probleminin tənzimlənməsində ciddi maneələr var

Belçika ATƏT-dəki sədrliyi dövründə Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ, Moldovadakı Pridnestrovye və Gürcüstandakı Cənubi Osetiya həll edilməmiş münaqişələrinin tənzimlənməsi üçün əlindən gələni edir. Trend xəbər verir ki, bu barədə ATƏT sədri, Belçikanın xarici işlər naziri Karel de Quxt Rusiyanın "Hovıye İzvestiya" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Mən bu ölkələrdə oldum, onların rəhbərləri və cəlb edilmiş tərəflərin liderləri ilə görüşdüm, onlara mümkün olan bütün xidmətləri təklif etdim. Lakin bu münaqişələri yalnız ATƏT sədrinin göstərdiyi səylərlə həll etmək mümkün deyil. Uğur bütün cəlb edilmiş tərəflərin sülh və təhlükəsizliyi təmin edə biləcək qərara gəlmək üçün iradə və istəklərindən asılıdır", - deyə o qeyd edib.

ATƏT sədrinin sözlərinə görə, bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə tərəflərdə, elə bil ki, "pəncərə" yaranıb, lakin Azərbaycan və Ermənistan prezidentlərinin Paris və Buxarestdəki görüşləri zamanı məqsədə çatmaq mümkün olmayıb. "Hələ ciddi maneələr var və onları aradan qaldırmaq üçün hər iki prezident müdriklik və cəsarət nümayiş etdirməlidir. Belçika

sədrliyi Minsk qrupunun həmsədrləri ilə birgə bu prosesi irəlilətmək üçün əlindən gələni edəcək", - deyə o bildirib.

Gürcü-osetin münaqişəsi haqqında danışarkən, Karel de Quxt bütün tərəfləri danışıqlar masasına qayıtmağa və vəziyyəti gərginləşdirə biləcək istənilən birtərəfli fəaliyyətdən qaçmağa çağırıb. "Bu yaxınlarda Brüsseldə donorların konfransı olub. Orada iştirak edən ölkələr gürcü-osetin münaqişəsi zonasında iqtisadiyyatın bərpa edilməsi üçün 10 milyon avrodan çox məbləğ təklif edib. Bu, ATƏT çərçivəsində bütün tərəflərin iştirak etdiyi ilk belə müşavirə idi. Biz ümid edirik ki, konfransda toplanmış dəstək üzrə öhdəliklər tərəflər arasında inam yaratmağa və problemin nizama salınacağı vaxtı yaxınlaşdırmağa kömək edəcək", - deyə sədr bildirib.

Xəbər lenti

Xəbər lenti