Sentyabrın 6-da "Azadlıq" Siyasi blokunun Sədrlər Şurasının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə genişləndirilmiş toplantısı keçirilib. Bu barədə Trend ə blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.
O bildirib ki, Sədrlər Şurasının toplantısında əsasən azad mətbuatın problemləri, jurnalistlərin üzləşdikləri təzyiqlər barədə müzakirələr aparılıb, bu istiqamətdə bir sıra qərarlar qəbul edilib. Blok həmsədrləri bu həftə sentyabrın 8-də yenidən toplaşaraq konkret tədbirlər barədə müzakirələr aparmağı qərara alıblar. "Azadlıq" bloku qətlə yetirilmiş, təzyiqlərlə məruz qalmış jurnalistlərlə bağlı bukletlər hazırlayacaq və söz azadlığına yönələn təzyiqlərlə əlaqədar yenidən beynəlxalq təşkilatlara müraciət edəcək. Bu və digər tədbirlərlə bağlı həftə ərzində qərarlar olacaq.
Qeyd edək ki, "Azadlıq" blokunda dörd müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Azərbaycan Demokrat və Liberal partiyaları təmsil olunur.