...

MSƏM Sədrlər Şurasının sentyabrın 13-ə planlaşdırdığı növbəti toplantı təxirə salınıb

Siyasət Materials 13 Sentyabr 2006 16:00 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzi (MSƏM) Sədrlər Şurasının sentyabrın 13-ə planlaşdırdığı növbəti toplantı təxirə salınıb. Bu barədə Trend ə adıçəkilən mərkəzin təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov vurğulayıb ki, MSƏM-in Sədrlər Şurasının sentyabrın 6-da keçirilən toplantısında iclasların tam tərkibdə keçirilməsi qərara alınıb: "Fərəc Quliyev Naxçıvan Müxtar Respublikasında olduğundan budəfəki toplantımız təxirə salınıb". AMİP sədri onu da bildirib ki, müzakirə olunacaq hər bir məsələnin yekdil şəkildə qəbul olunması üçün Sədrlər Şurasının bütün üzvlərinin iştirakı vacibdir.

A.Rüstəmov bildirib ki, bu dəfə əsasən Azərbaycan müxalifətinin inteqrasiyası məsələsi müzakirə olunacaq: "İstəyirik ki, ümumilli məsələlərdə müxalifət vahid mövqedən çıxış etsin". AMİP sədri bəzi hallarda müxalifətin bu məsələlərdən kənarda dayandığını qeyd edib: "AMİP lideri Etibar Məmmədovun təşəbbüsü ilə sentyabrın 12-də Bakıda keçirilən Güney Azərbaycan Milli Hərəkatına həsr olunan forumda Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndələrinin iştirak etməməsi buna misaldır".

Xatırladaq ki, MSƏM-i 2006-cı ildə AMİP (sədri Ayaz Rüstəmov), Ümid Partiyası (sədri millət vəkili İqbal Ağazadə), Tərəqqi Partiyası (sədri Çingiz Dəmiroğlu), Azərbaycan Milli Demokrat Partiyası (sədri İsgəndər Həmidov) və Milli Dirçəliş Hərəkatı (lideri Fərəc Quliyev) tərəfindən təsis olunub.

Xəbər lenti

Xəbər lenti