"Mənim xidməti silaha ehtiyacım var". Bu barədə Trend ə müxalifətdəki Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev bildirib ki, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) iki dəfə müraciət edib: "Ola bilər ki, başqa deputatın silaha ehtiyacı yoxdur. Amma mənim var. Millət vəkili kimi bu hüquqdan istifadə etmək istəyirəm. Əgər deputat öz hüququndan istifadə edə bilmirsə, vətəndaşların hüquqları necə qoruna bilər. Çox təəssüf ki, DİN və Milli Məclis rəhbərliyi bu məsələyə prinsipal mövqe bildirməyib".
Millət vəkili onu da qeyd edib ki, bu məsələni təkcə o yox, digər həmkarları da parlamentin iclaslarında qaldırıblar: "Səhv etmirəmsə, parlamentin sonuncu iclaslarının birində millət vəkili Səyavuş Novruzov da bu məsələ ilə bağlı mövqeyini bildirdi. Dedi ki, əgər bizə bu hüququmuzdan istifadə etməyə imkan vermirlərsə, onda bu müddəanı "Deputat statusu haqqında" qanundan çıxaraq".
Q.Həsənquliyev onu da vurğulayıb ki, bu məsələ ilə bağlı üçüncü dəfə DİN-ə müraciət etmək fikrində deyil.
Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyevin sədri olduğu BAXCP 2001-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi fəaliyyət göstərib. 2005-ci ildə BAXCP kimi dövlət qeydiyyatından keçib.