...

Pənah Hüseyn: "Müsavat deputat qrupunun fəaliyyəti məni qane etməyib"

Siyasət Materials 22 Sentyabr 2006 15:56 (UTC +04:00)

"Milli Məclisdə fəaliyyət göstərən Müsavat deputat qrupunun fəaliyyəti məni qane etməyib". Bu barədə Trend ə Müsavat deputat qrupunun üzvü, millət vəkili Pənah Hüseyn bildirib.

Qeyd edək ki, Müsavat deputat qrupunda Nəsib Nəsibli, Pənah Hüseyn, Arzu Səmədbəyli, İltizam Ələkbərli və İkram İsrafil təmsil olunur.

P.Hüseyn bildirib ki, deputat qrupu parlamentin yaz sessiyası sona çatana yaxın fəaliyyət göstərib: "Müxalifət və cəmiyyət daxilində bu fəaliyyətlə bağlı müxtəlif fikirlər var idi. Artıq bu məsələ ilə bağlı cəmiyyətdə aydınlıq yaranıb. Payız sessiyasında bəzi məsələlərin həllinə çalışacağıq. Fəaliyyətimizi yeni səviyyədə qurmağı planlaşdırmışıq".

P.Hüseynli onu da vurğulayıb ki, təmsil olunduğu deputat qrupunu heç də Müsavat Partiyasının fraksiyası kimi qəbul etmək olmaz: "Cəmiyyətdə belə bir fikir formalaşıb. Bunun adı Müsavat deputat qrupudur. Bizim qrup millət vəkili olan bitərəf və digər partiya sədrləri üçün açıqdır". Millət vəkili qeyd edib ki, qrupun əsasnaməsinə görə, burada hər bir millət vəkili təmsil oluna bilər.

Xəbər lenti

Xəbər lenti