Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının rəhbərliyi ilə yaradılan Azərbaycan Dil Qurumu dövlət qeydiyyatından keçib. Bu barədə Trend ə Sabir Rüstəmxanlı məlumat verib.
O bildirib ki, Dil Qurumu yaxın vaxtlarda fəaliyyətə başlayacaq. S.Rüstəmxanlının sözlərinə görə, öz Nizamnaməsi əsasında fəaliyyət göstərək Qurum dil bülleteni buraxacaq, Azərbaycan dilinin təmizliyinin qorunması üçün fikirlərini, təklif və tövsiyələrini açıqlayacaq. Dil Qurumunun fəaliyyəti həm də ictimai nəzarəti təşkil etməyə yönələcək.
"Ana dilimizlə bağlı yol verilən qüsurların kök salmasının qarşısını almaq lazımdır. Paytaxtın küçələrində bütün yazılar xarici dildədir, elə bil bura bizim şəhərimiz deyil. Bizim üstümüzə çox ciddi şəkildə yad təsirlər gəlir və biz onun qarşısında aciz qalırıq. Həm də çox unutqan cəmiyyətimiz var. Bakıdakı qırğınları sanki rus ordusu törətməyibmiş kimi Şəhidlər Xiyabanında bəzən rus dilində danışırlar. Bu problemlərin çarəsi yalnız milli təfəkkürə və milli ideologiyaya söykənən təhsil sisteminin qurulmasındadır"-deyə S.Rüstəmxanlı vurğulayıb.
Millət vəkili qeyd edib ki, Azərbaycan dilində süni şəkildə yaradılan aşınmalar, yad təsirlərə məruz qalma halları, milli-mənəvi dəyərlərin arxa plana keçməsi çox ciddi problemdir və parlamentdə də bununla bağlı fikirlərini açıqlayacaq.
Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı həm də xalq şairi, filologiya elmləri doktorudur. Yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazıların müəllifi S.Rüstəmxanlının 20-dən atıq kitabı çap olunub. O, həm də 1991-95-ci illərlə mətbuat və informasiya naziri, 2003-cü ildə prezident seçkilərində prezidentliyə namizəd olub.