...

Sabir Rüstəmxanlı: "Türk dünyasının vahid Ensiklopediyası, Vahid Terminoloji lüğətləri və ortaq əlifbası yaradılmalıdır"

Siyasət Materials 2 Oktyabr 2006 13:35 (UTC +04:00)

"Bu günlərdə Türkiyədə keçirilən və iki gün davam edən X Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayına türkçülük düşüncəsinin daşıyıcıları olan şəxslərin əksəriyyəti dəvət edilməmişdilər". Trend in məlumatına görə, bu fikirləri həmin qurultayda iştirak etmiş Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantının yekunları barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, türk dövlətləri ilə sıx əlaqələri olan, türkçülük düşüncəsinin daşıyıcıları olan bir sıra şəxslər, bəzi dərnəklər də qurultayda iştirak etmirdilər: "Eyni zamanda Azərbaycana dəvətlərdə də prinsiplər gözlənilməmişdi. Yəni, davamlı olaraq türk birliyi uğrunda mübarizə aparan adamların əvəzinə aidiyyəti olmayan adamlar dəvət olunmuşdu".

Məlum olduğu kimi, qurultayda türk dövlətlərinin başçılarından yalnız Azərbaycanın prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan, Quzey Kıprıs Türk Cümhuriyyətinin cümhur başqanı iştirak edirdilər. Qazaxıstanı, Qırğızıstanı baş nazirin müavinləri, Türkmənistanı bu ölkənin Türkiyədəki səfiri təmsil edirdi.

"Altaylardan başlamış Balkanlara qədər bir sıra türk toplumlarından nümayəndələr vardı. Mən də daxil olmaqla bütün milliyyətçi bölümün narazılığına baxmayaraq, qurultayın yığışmasını müsbət hadisə kimi qiymətləndirirəm. Türkiyənin baş nazirinin və Azərbaycanın dövlət başçısının dilindən qurultayın davamlı olmasının dilə gətirilməsi, bu məsələdə dövlətlərin yardımçı olmaq istəkləri təqdirəlayiq hal kimi dəyərləndirilməlidir" -deyə S.Rüstəmxanlı qeyd edib.

Millət vəkili əlavə edib ki, hələ də Türk dövlətlərinin Parlament Assambleyasının yaradılmaması təəssüf doğurur. Bu qurultayda həm S.Rüstəmxanlının, həm də digər iştirakçıların çıxışlarında bu məsələlər dəfələrlə dilə gətirildi və bunun zərurəti qeyd olundu. Bunlarla yanaşı, qurultayda Güney Azərbaycanda baş verən proseslərlə bağlı, həmçinin Türk dünyasının ortaq əlifbası, ortaq dil məsələləri ətrafında da müzakirələr aparılıb. S.Rüstəmxanlının fikrincə, ortaq əlifba məsələsində siyasi iradənin olması vacibdir.

S.Rüstəmxanlı onu da deyib ki, Türk dünyasının vahid Ensiklopediyasının, Vahid Terminoloji lüğətlərin və dillərə gələn termin axınını əlaqələndirmək məqsədilə vahid terminoloji mərkəzin yaradılması ilə bağlı təkliflər hələ də reallaşmayıb: "Bütün bunlar 16-17 ildir mənim tərəfimdən səsləndirilən təkliflərdir. Sevindirici haldır ki, 13-14 il əvvəl tərəfimdən irəli sürülən təkliflər bu qurultayda başqa nümayəndələrin də dilindən səsləndirildi".

Millət vəkili onu da bildirib ki, Türk dövlətlərinin birlik formalarından biri Avropa Birliyi nümunəsidir. Yəni, parlament birliyi, gömrük şərtləri - vizasız gediş-gəliş, vahid valyuta, bir sıra iqtisadi layihələrin birgə həyata keçirilməsi, enerji resurslarından birgə istifadə və s. inteqrasiyanın mühüm şərtlərindəndir.

Xatırladaq ki, millət vəkili, xalq şairi, filologiya elmləri namizədi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub. Müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı vaxtdan (1992-ci il) indiyədək onun sədridir.

Xəbər lenti

Xəbər lenti