...

Cavad Derəxti: "Sədr seçilsəm də, seçilməsəm də DAK-ın sıralarında olacağam"

Siyasət Materials 3 Oktyabr 2006 13:00 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti qurumun dekabrda Brüsseldə keçiriləcək IX qurultayından sonra ABŞ-a səfər edəcək. Bu barədə Trend ə C.Derəxtinin özü bildirib.

C.Derəxti qeyd edib ki, qurultaya hazırlıq səfərin reallaşmasına mane oldu: "Ancaq qurultaydan sonra mütləq ABŞ-a səfərimiz olacaq". C.Derəxti bildirib ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ABŞ-da səfər çərçivəsində DAK sədrinin birinci müavini Rəhim Şahbazi ilə görüşüb: "Bundan sonra çalışacağıq ki, ABŞ-dakı Assambleya ilə də əlaqələrimizi daha da möhkəmlədək".

C.Derəxti DAK-ın IX qurultayına hazırlıq barədə də məlumat verib. DAK sədri vurğulayıb ki, dekabr ayında Avropa Parlamentində çoxlu görüşlər keçirildiyindən otellərdə boş yer olmur: "Ona görə də konqres rəsmiləri qurultayın keçirilməsi yerini müəyyənləşdirmək məqsədilə otel rəhbərləri ilə danışıqlar aparır". C.Derəxti DAK sədrliyinə namizədliyinin irəli sürülməsi məsələsinə də münasibət bildirib. Qeyd edib ki, alternativ namizədlər də olmalıdır: "Yeni qüvvələr də olmalıdır ki, təşkilat inkişaf etsin. İndiyə qədər məni sədr seçiblər. Bundan sonra seçsələr də, seçməsələr də sağ olsunlar. Mən həmişə DAK-ın sıralarında olacağam".

DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda isə Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda isə DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti