...

ATƏT PA-nın vitse-prezidenti oktyabrda Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Oktyabr 2006 12:10 (UTC +04:00)

ATƏT PA-nın vitse-prezidenti, Ukraynanın qurumdakı nümayəndə heyətinin rəhbəri Bilorus oktyabrda Azərbaycana səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, ATƏT PA-da təmsil olunan dövlətlərin nümayəndə heyətlərinə məktub ünvanlayıb. Məqsəd Azərbaycana səfər edib ermənilərin törətdikləri cinayətlərlə yaxından tanış olmaqdır: "Artıq bəzi ölkələrdən cavab məktubu almışıq. Payız aylarında Azərbaycana səfər edəcəklər. Məsələn, ilk səfəri oktyabrda ATƏT PA-nın vitse-prezidenti, Ukraynanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bilorus edəcək".

B.Muradova bildirib ki, Azərbaycanla dost münasibətdə olmayan ölkələrlə də əlaqələri genişləndirmək lazımdır. B.Muradova daha sonra ATƏT PA-nın prezidenti, Dağlıq Qarabağ üzrə məruzəçi Qoran Lenmarkerin problemlə bağlı hazırladığı məruzəyə toxunub. Bildirib ki, prinsipcə Q.Lenmarker hər dəfə müxtəlif məruzə hazırlamır: "Birinci dəfə hazırladığı məruzdə Azərbaycan tərəfinin razılaşmadığı məqamlar var idi. Sonradan həmin məruzəyə müəyyən düzəlişlər edib. Biz güman edirdik ki, rəhbərlik səviyyəsində bu məsələlər müzakirə olunub məruzəyə daxil ediləcək. Lakin Ermənistan tərəfi ilə bizim aramızda bu düzəlişlərə yanaşma kəskin şəkildə fərqləndiyindən konsensus əldə olunmadı".

B.Muradova onu da qeyd edib ki, Q.Lenmarker ATƏT PA-nın sədri olmasına baxmayaraq məruzəçi kimi bu məsələni diqqətdə saxlayır və bu istiqamətdə işini davam etdirir: "Növbəti problemlər də həmin məruzəyə əlavə olunmaqla sənədin ATƏT-də müzakirəsini gözləyirik". Vitse-spiker onu da vurğulayıb ki, Q.Lenmarkerin bölgəyə tez-tez səfər etməsinə də ehtiyac görmür: "Çünki kifayət qədər səfər edib, problemə yaxından bələddir, hadisələri diqqətdə saxlayır".

B.Muradova onu vurğulayıb ki, Q.Lenmarkerin bölgəyə səfər etməsindənsə BMT-nin qətnaməsini yerinə yetirməli olan komissiya Azərbaycana səfər edib işğalçı Ermənistanın törətdiyi cinayətlərin monitorinqini aparmalı, onları aktlaşdırıb hazırlanacaq məruzəyə əlavə etməlidir.

Onu da bildirək ki, ATƏT PA-nın qış sessiyası 2007-ci ilin yanvarında Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti