...

Korrupsiya cinayətlərində təqsirləndirilənlərin heç biri barədə bəraət hökmü çıxarılmayıb

Siyasət Materials 4 Oktyabr 2006 15:00 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən müqəssir hesab olunan və mühakiməyə verilən şəxslərin heç biri barədə bəraət hökmü çıxarılmayıb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktyabrın 4-də keçirilən mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsinin rəisi Nazim Abbasov məlumat verib.

"İstintaq Şöbəsi fəaliyyət göstərdiyi bir ildən artıq müddət ərzində bir sıra cinayət işlərinin istintaqını aparmaqla hüquqi qiymət verib. Hazırda idarəyə vətəndaşların, əsas etibarı ilə, səhiyyə, təhsil müəssisələri, yerli özünüidarəetmə orqanları işçilərinin hərəkətləri, əhalinin enerji təchizatı məsələləri ilə əlaqədar 205 müraciəti daxil olub. Ötən dövr ərzində idarədə əsasən rüşvət alma, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama faktları ilə əlaqədar 85 nəfər barəsində 38 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib" - deyə N.Abbasov bildirib.

Şöbə rəisinin sözlərinə görə, məhkəmələrə göndərilmiş və mahiyyəti üzrə baxılmış bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı, həmçinin məhkəmələr tərəfindən cinayət işlərinin istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılma halları olmayıb. Onun sözlərinə görə, hazırda İdarədə vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama faktları ilə əlaqədar 22 cinayət işinin istintaqı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti