Noyabrın 8-də Bakıda, ABU ARENA zalında tarixdə ilk dəfə Azərbaycanda Polşa Milli Sərgisinin açılışı olacaq. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da Polşanın Azərbaycandakı səfirliyində keçirilən mətbuat konfransında Polşa Ticarət Palatasının Yardım Mərkəzinin idarə heyətinin sədri xanım Bojena Vrublevska məlumat verib.
Onun sözlərinə görə, sərgi Polşa Respublikası Senatının spikeri Boqdan Boruseviç, eləcə də Polşanın iqtisadiyyat naziri Pyotr Qjeqoj Voznyakın himayəsi altında keçiriləcək. Sərgiyə həmçinin Azərbaycan tərəfdən Milli Məclisin sədri Oktay Əsədov və Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev himayədarlıq edəcək.
B. Vrublevskanın qeyd etdiyi kimi, polşalı sahibkarlar yeni əlaqələrin qurulmasında çox maraqlıdılar. İqtisadi məsələlər üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyanın birinci iclası münasibəti ilə və iqtisadi inkişaf naziri, eləcə də nazir müavinlərinin iştirakı ilə cari ilin sentyabrında keçirilmiş iqtisadi forumda 100-dən artıq Polşa firması iştirak edib. Forum iştirakçıları qarşılıqlı fayda verən əməkdaşlıq imkanlarının potensialını müsbət qiymətləndiriblər. 2005-ci ildə Qazaxıstan və Rusiya ilə yanaşı, MDB ölkələri arasında ən yüksək iqtisadi artıma nail olmuş Azərbaycan polşalı sahibkarlar üçün ən iri xarici investisiyalar ərazisidir, - deyə o qeyd edib. Polşa sahibkarları bilirlər ki, ölkənin iqtisadi artımı həm sabit siyasi vəziyyət, həm də tətbiq olunan bazar islahatlarının nəticəsidir. Polşa və Azərbaycan arasında ticarət dövriyyəsinin dinamikası keçən il 135%-ə çatıb, 2006-cı ilin birinci yarısı üçün ilkin göstəricilər isə qarşılıqlı ticari əlaqələrin gələcək inkişafından xəbər verir.
Noyabrın 8-10-da ABU Arenada Polşanın 50 ən ciddi sahibkarı öz əməkdaşlıq təkliflərini təqdim edəcək. Bu o deməkdir ki, sərgi Polşa-Azərbaycan ticarət əlaqələri tarixində Polşa iqtisadiyyatının ən iri təqdimatı olacaq. Sərginin keçirilməsi İqtisadi Forum ilə müşayiət olunacaq. Forumda qarşılıqlı əməkdaşlığın başlıca problemləri müzakirə olunacaq.
Sərgidə Polşanın aviasiya, yüngül sənaye, kosmetika, əczaçılıq, inşaat və digər sahələrdə ən iri müəssisələri öz təkliflərini təqdim edəcəklər.
Sərginin təşkilatçısı Polşada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin böyük əksəriyyətini özündə birləşdirən Polşa Təsərrüfat Palatasının Yardım Mərkəzidir. Sərginin həmtəşkilatçısı isə Polşanın Promosya Nişanı Fondudur. Sərgi Polşa Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
B. Vrublevskanın sözlərinə görə, Polşanın Azərbaycan bazarına böyük marağı var. "Biz nəinki ticari əlaqələr qurmaq, eləcə də bu ölkənin iqtisadiyyatına investisiyalar yatırmaq niyyətindəyik", - deyə o bildirib.
Bu maraq qarşılıqlıdır, - deyə Azərbaycanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov qeyd edib. O, qarşıdakı sərgi zamanı Polşa iqtisadiyyatının azərbaycanlı iş adamlarında böyük maraq doğuracağına ümid etdiyi bildirib. "Gələcəkdə biz analoji sərgiləri Polşada təşkil etmək niyyətindədyik", - deyə M. Əhmədov vurğulayıb.