Oktyabrın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda 6 oktyabrda keçirilmiş təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olmuş şikayətlərə baxılıb.
İclasda ümumilikdə 12 şikayətə baxılıb, onlardan ikisi təmin edilməyib, üçünün baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsinə, qalanlarının isə araşdırılmasına dair qərar çıxarılıb.
45 saylı Abşeron seçki dairəsinin Məhəmmədi bələdiyyəsindən, 75 saylı Lənkəran-Masallı dairəsindən şikayətlər araşdırılması üçün dairə seçki komissiyasına göndərilib. 54 saylı Dəvəçi-Siyəzən, 59 saylı Salyan bələdiyyələrindən, 64 saylı Sabirabad, 45 saylı Abşeron, 75 saylı Lənkəran-Masallı, 77 saylı Astara, 54 saylı Dəvəçi-Siyəzən dairələrindən şikayətlərin araşdırılması üçün vaxt götürülüb. 59 saylı Salyan seçki dairəsindən iki şikayət isə təmin edilməyib.
Şikayətlərdən başqa, MSK-ya bəzi dairələrin ayrı-ayrı məntəqələrindən təşəkkür məktubları da gəlib. Məktub müəllifləri seçkinin şəffaf, yüksək səviyyədə keçdiyini yazıblar.