...

NATO PA-nın 64-cü Rouz Rout seminarında Dağlıq Qarabağla bağlı məruzə edilib

Siyasət Materials 25 Oktyabr 2006 12:04 (UTC +04:00)
NATO PA-nın 64-cü Rouz Rout seminarında Dağlıq Qarabağla bağlı məruzə edilib

NATO Parlament Assambleyası (PA) çərçivəsində keçirilən 64-cü Rouz-Rout seminarında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə edib. Bu barədə Trend ə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Qeyd edək ki, seminarda Azərbaycanı millət vəkillərindən Zahid Oruc və Elman Məmmədov təmsil edib. Seminarda Dnestryanı münaqişənin həllində beynəlxalq ictimaiyyətin rolu, Moldovada müdafiə sahəsində islahatlar, Moldova və Avropa İttifaqının qonşuluq siyasəti və digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.

Z.Oruc bildirib ki, məruzə əsasən Dağlıq Qarabağ ermənilərinin öz müstəqilliklərini hüquqi çərçivəyə salmaqdan ötrü demokratiya, insan haqları mövzusunda spekulyasiya etmələri üzərində hazırlanıb: "Elman Məmmədov ATƏT-in nümayəndəsinin çıxışından sonra məruzə edib. O, əsasən ATƏT-in bu məsələdə son dərəcə fəaliyyətsiz mövqeyindən bəhs edib. Bunun isə təcavüzkarlıq siyasətinə geniş impuls verdiyini qeyd edib".

Millət vəkili bildirib ki, belə seminarlarda hər hansı bir sənəd qəbul edilmir. Belə seminarlar əsasən mövqelərin öyrənilməsi və NATO-nun daha yuxarı qərarverici qurumları üçün beyin mərkəzi funksiyası yerinə yetirir: "Lazım olan rəylər toplanır, çıxışlar sistemləşdirilir və onun əsasında da NATO özünün bu regionlara dair siyasətini formalaşdırır". Z.Oruc onu da vurğulayıb ki, seminarda Ermənistanın nümayəndə heyəti iştirak etməyib. Tədbirdə yalnız Fransanın Moldovadakı erməni mənşəli səfiri iştirak edib.

Millət vəkili onu da qeyd edib ki, belə seminarlar müxtəlif konflikt ocaqları üzrə keçirilir. Ötən seminar Krımda keçirilib: "Belə bir tədbirin Gürcüstanda keçirilməsi nəzərdə tutulub. Amma tədbirin tarixi ilə bağlı açıqlama verilməyib".

Xatırladaq ki, 64-cü Rouz-Rout seminarı oktyabrın 19-23-də Kişinyovda keçirilib.

Xəbər lenti

Xəbər lenti