Oktyabrın 25-də "Azadlıq" Siyasi Blokunun Sədrlər Şurasının toplantısı keçirilib. Trend in məlumatına görə bu barədə jurnalistlərə Blokun həmsədri, Azərbaycan Xalq Cəbhəsinin sədri, həmtəsisçisi Əli Kərimli məlumat verib.
O qeyd edib ki, iclasda əsasən son zamanlar azad mətbuata qarşı təqiblər, "Azadlıq" qəzetinin və digər media qurumlarının yerləşdiyi gərargahdan çıxarılması müzakirə olunub. Əli Kərimli qeyd edib ki, "Azadlıq" qəzetinin hazırda yerləşdiyi gərargah 1992-ci ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən qəzetə əvvəzsiz olaraq ayrılıb. Ə.Kərimlinin sözlərinə görə, həmin sərəncam indi də hüquqi qüvvəsini saxlayır. Lakin buna baxmayaraq qəzet Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinə müraciət edərək bina üçün icarə müqaviləsi bağlamağa hazır olduğunu bildirib. Ə.Kərimli qeyd edib ki, qəzet ilə bağlı 7 məhkəmə qərarı icraata yönəldilib, 200 min AZN həcmində cərimə kəsilib. AXCP sədri bunu ölkədə azad tribunanın qapadılması cəhdi kimi qiymətləndirib.
Ə. Kərimli qeyd edib ki, AXCP üzvləri onlara ideoloji cəhətdən çox yaxın olan "Azadlıq" qəzetinin üzləşdiyi təqiblərə etiraz olaraq yaxın günlərdə kütləvi şəkildə aclıq aksiyasına başlayacaq, həmçinin Prezident Aparatının qarşısında silsilə piketlər keçiriləcək.
Ə.Kərimlinin sözlərinə görə, "Azadlıq" blokunda artıq Təşkilat Komitəsi yaradılıb və görüləcək bütün tədbirlər koordinasiya ediləcək. Oktyabrın 26-da isə AXCP-nin Ümumbakı konfransı keçiriləcək.