Oktyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslandiya Respublikasının Səhiyyə və Sosial Təhlükəsizlik Nazirliyinin daimi katibi Devid Qunnarsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İslandiya Respublikası hökuməti tərəfindən Dünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədliyi irəli sürülmüş Devid Qunnarson öz seçkiqabağı platforması haqqında ətraflı məlumat verib. O, ölkələrimiz arasında mövcud siyasi, iqtisadi əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin, o cümlədən səhiyyə sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Öz növbəsində nazir Məmmədyarov Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçı və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizdə bir milyona yaxın qaçqın və məcburi köçkünün dözülməz həyat şəraitində yaşadığını qonağın diqqətinə çatdıraraq, Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, xüsusilə ÜST ilə daim əməkdaşlıq etdiyini vurğulayıb.
Görüş zamanı tərəflər qarşıdan gələn ÜST baş katibi vəzifəsinə seçkilər və D.Qunnarsonun seçkiqabağı platforması ətrafında qarşılıqlı fikir mübadiləsi aparıblar.