Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd oktyabrın 30-da hüquq müdafiə təşkilatlarının rəhbərləri ilə görüşüblər. Trendin məlumatına görə, AŞPA-nın Bakıdakı İnformasiya ofisində baş tutan görüşdə bir qrup hüquq müdafiəçiləri iştirak ediblər.
Hüquq müdafiəçisi Leyla Yunus jurnalistlərə açıqlamasında bildirib ki, görüşdə Azərbaycanda insan haqqlarının, söz və mətbuat azadlığının durumu, siyasi məhbus məsələsi barədə müzakirələr aparılıb. L.Yunus qeyd edib ki, görüşdə əsas müzakirə mövzusu daha çox siyasi məhbus problemi ilə bağlı olub. L.Yunusun sözlərinə görə, AŞPA həmməruzəçiləri Azərbaycanda bu sahədə narahatlıq doğuran problemin mövcud olduğunu deyiblər. "Həmməruzəçilər bildirdilər ki, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı AŞPA-nın məruzəçisinin təyin edilməsinə ehtiyac var".
Qeyd edək ki, həmməruzəçilər bu gün siyasi partiyaları, kütləvi informasiya vasitələri ilə də görüşlər keçirəcəklər.