Gürcüstan-Azərbaycan sərhəddindəki vəziyyət bu gün Gürcüstan parlamentində müzakirə ediləcək. "Demokratik cəbhə" müxalifət fraksiyasının lideri Zviad Dzidziqurinin Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, gürcü tərəfi gürcü xristian kilsəsi və David Qareci monastır kompleksi ətrafındakı vəziyyətdən narahatdır.
Onun sözlərinə görə, bu kompleks bəzən sərhəddəki azərbaycanlı sərhədçilər tərəfindən tutulur.
Parlament deputatları ilə bugünkü görüşə Gürcüstanın XİN və sərhəd polisinin nümayəndələri dəvət olunub. Görüşdə həmçinin Gürcüstan Patriarxiyasının, Mədəniyyət və İdman Nazirliyinin nümayəndələri də iştirak edəcək.
David Qareci problemi ötən həftə sərhəddə olan və David Qarecini ziyarət edən Z.Dzidziquri tərəfindən parlamentdə qaldırılmışdı. O hesab edir ki, hamının monastıra gələ bilməsi üçün Azərbaycan tərəfi ilə təcili surətdə danışıqlar aparmaq lazımdır. Bundan əlavə, bu kompleks Gürcüstan və Azərbaycan arasında mübahisəli ərazidə yerləşir və sərhədlərin delimitasiyası və demarkasiyası prosesi gedənədək, orada heç bir birtərəfli tədbir görmək olmaz.