...

YAP İdarə Heyətinin iclası keçirilib

Siyasət Materials 1 Noyabr 2006 18:56 (UTC +04:00)

Noyabrın 1-də hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Trend ə YAP mətbuat ximətindən bildiriblər.

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov İdarə Heyətinin son iclasının qəbul etdiyi qərarların icra vəziyyəti və 6 oktyabr 2006-cı il tarixdə keçirilmiş təkrar, əlavə və yeni bələdiyyə seçkilərində partiyanın iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, irəli sürülən namizədlərin təbliğat və təşviqatında YAP-ın İcra Katibliyi və rayon təşkilatları yaxından iştirak edib. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində partiya bələdiyyə seçkilərində inamlı qələbə qazanıb. Belə ki, YAP səsvermədə iştirak edən seçicilərin 59.8 faizinin səsini qazanaraq, 1137 namizədinin qələbəsini təmin edib.

İdarə Heyəti eyni zamanda YAP-ın rayon və şəhər təşkilatlarının növbəti konfranslarının keçirilməsi barədə İcra katibinin müavini Siyavuş Novruzovun məlumatını dinləyib. İdarə Heyəti YAP-ın bələdiyyə seçkilərində iştirakını və qazandığı uğurları yüksək qiymətləndirmiş, rayon təşkilatlarının konfranslarının nizamnamə çərçivəsində həyata keçirilməsi barədə qərar qəbul edib. İdarə Heyətinin iclasında həmçinin partiyanın yaranmasının 14-cü ildönümünə hazırlıq işləri və cari məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.

YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-ni tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.

Xəbər lenti

Xəbər lenti