...

RF Federasiya Şurasının komitə sədri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini mərhələlərlə həll etmək lazımdır

Siyasət Materials 2 Noyabr 2006 12:01 (UTC +04:00)
RF Federasiya Şurasının komitə sədri hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini mərhələlərlə həll etmək lazımdır

Trend in RF Federal Məclisi Federasiya Şurasının Müstəqil Dövlətlər Birliyi məsələləri üzrə Komitəsinin sədri Vadim Anatolyeviç Qustovla eksklüziv müsahibəsi

- MDB -nin artıq 15 yaşı tamam olur. Siz bu təşkilatda Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Bir vaxt var idi ki, SSRİ-nin bütün dövlətləri (Rusiyadan başqa) Moskvadan aralanmaq yolunu seçmişdilər. Bu təsadüfi deyildi, belə ki, Qərb və ya Amerika ideologiyası SSRİ daxilində inteqrasiya proseslərini dağıtmaq üçün əlindən gələni edirdi. Başlıca məqsəd hər bir ölkənin öz problemləri ilə baş-başa qalması idi və onlar buna nail oldular.

Lakin müəyyən vaxt keçdi. Bu vaxt ərzində Avropa Birliyi Baltikyanı ölkələri qəbul edərək, öz tərkibini 15 üzvdən 25 üzvə qədər genişləndirdi. 1 yanvar 2007-ci ildən etibarən isə Şərqi Avropa ölkələri olan Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya, Slovakiya və başqalarını qəbul etməyə hazırlaşır. Gündəliyə belə bir məsələ çıxarılıb - yaxın gələcək üçün Avropa və Asiyanın inkişaf strategiyası necədir? Məsələ aydın idi - xammal ehtiyatlarına malik ölkələri inkişaf etmiş Avropa və ya Amerika iqtisadiyyatına uyğunlaşdırmaq. Və MDB ölkələrinə güclü hücumun başlanması təsadüfi deyildi. Məsələn, Çin SES tikintisi üçün Tacikistana çox böyük həcmdə vəsait ayırıb və nəticədə elektrik enerjisini özü üçün almaq niyyətindədir. Azərbaycanda boru kəmərləri ilə də eyni vəziyyətdir. Prinsip etibarilə, Xəzərdə yaxşı enerji ehtiyatlarının olduğu təsdiqlənən kimi, ABŞ siyasəti dərhal xammal ehtiyatları olan ölkələri, məsələn, Azərbaycan, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və b. Amerika maraqlarının təsir zonasına götürməyi öz qarşısına məqsəd qoyub. Məsələn, ABŞ-ın heç vaxt Liviya ilə normal münasibətləri olmayıb. İndi isə üç milyondan artıq ehtiyatın olduğu təsdiq olunduqdan sonra amerikalılar dərhal ora gəldilər, hətta onların səfiri də mehmanxanada yaşayır və onlar artıq hər şeyi əllərinə alırlar.

GUAM haqqında fikir söyləmək istərdim. 2 ay bundan əvvəl GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması haqqında qərar qəbul olunub və biz sizdən soruşuruq - bu, sizə - Azərbaycana lazımdırmı? Axı məhz Azərbaycan həmin sülhməramlı qüvvələri maliyyələşdirməli olacaq, bu isə olduqca böyük pullar deməkdir. Gürcüstandan heç nə gözləmək olmaz, Moldovadan isə indi nə əldə etmək olar - onun ordusu cəmi 10 min nəfərdən ibarətdir, ölkənin özünün isə inkişafla bağlı çətinlikləri var. Ukraynada çətin siyasi böhrandır. Onlar Azərbaycanın maliyyələşdirəcəyini güman edirlər? Bütün bu suallara cavab vermək lazımdır. Və prinsip etibarilə, Rusiya-Azərbaycan münasibətlərinin çox yaxşı inkişaf etməsinə baxmayaraq, siyasətdə bəzi məsələlər var ki, mənim fikrimcə, bizim ikitərəfli münasibətlərimizdə yer tutmamalıdır.

Azərbaycan MDB ölkələri Parlamentlərarası Assambleyasında iştirak edir, lakin heç bir digər inteqrasiya qurumunda iştirak etmir. Avropa-Asiya İqtisadi Cəmiyyətində isə o yoxdur, indi isə, bildiyiniz kimi, amerikalılar onu Rusiyanın təsir dairəsindən kənarlaşdırmaq üçün çox fəal surətdə Azərbaycandan Gürcüstana qaz vermək istəyirlər, halbuki Azərbaycanın özünə qaz çatmır. Ona görə də indi, amerikalılar Azərbaycan iqtisadiyyatına çox fəal surətdə təsir etdikləri zaman, mənə elə gəlir ki, bu, birtərəfli istiqamətdə inkişafa səbəb olur. Neft-qaz dividentləri, şübhəsiz, bu gün Azərbaycanın çiçəklənməsi üçün böyük imkanlar açır. Lakin bununla belə bütün bunlar - birtərəfli inkişafdır.

- Siz Azərbaycanın "holland xəstəliyi" təhlükəsi altında olduğunu düşünürsünüzmü?

- Hər şey işin necə gedəcəyindən asılıdır. Sizin digər ehtiyatlarınız da var, məsələn, alüminium. Qazın əmələ gəlməsini nəzərə alaraq, digər sahələri də inkişaf etdirmək olar. Hər şey hansı inkişaf modelinin seçiləcəyindən asılı olacaq.

İndi bizim münasibətlərimiz yaxşıdır, lakin bəzi həll olunmayan məsələlər var. Düşünürəm ki, 2008-2009-cu illər ikitərəfli münasibətlərin və inteqrasiya proseslərinin taleyində həlledici olacaq. Qarabağ münaqişəsi də münasibətlərdə öz izini qoyur. Bu, İlham Əliyevin siyasətində müəyyən mənada ləngidici amildir.

- MDB ilk növbədə, özündə dostluğu əks etdirən birlikdir. Lakin bu gün Gürcüstan və Rusiya, Ermənistan və Azərbaycan arasında baş verənləri heç cür dostluq adlandırmaq olmaz. Bəlkə Azərbaycan şəxsi təhlükəsizliyini təmin etmək üçün çoxvektorlu siyasətdən istifadə edir? Axı MDB çərçivəsində heç bir ölkə Ermənistanı təcavüzkar kimi tanımayıb, heç bir müvafiq sənəd yoxdur. Səbəb nədədir?

- Nə üçün MDB-nin özündə inteqrasiya qurumları - Rusiya - Belarus ittifaqı, Avropa-Asiya İqtisadi Cəmiyyəti yaradılmağa başladı? Çünki bu törəmələrin daxilində istək var və dəqiq iqtisadi mexanizm formalaşır, MDB-nin özündə isə bunlar yoxdur. Ona görə də biz MDB çərçivəsində 1400 sənəd imzalamışıq, onların isə cəmi 10%-i həyata keçirilib. MDB-nin iqtisadi bazası yoxdur. Sadəcə olaraq, gəldilər, məsləhətləşdilər, problemi müzakirə etdilər, bəs sonra? Belarus ilə biz vahid iqtisadi zona, energetika, nəqliyyat və s. haqqında razılığa gəlirik. Bəs Azərbaycanla aramızda nə var? Bunların heç biri yoxdur. Məsələn, Özbəkistanın da daxil olduğu Avropa-Asiya İqtisadi Cəmiyyətində vahid iqtisadi siyasət kristallaşmağa başlayır. İnteqrasiya Avropa inteqrasiyasına oxşar olmalıdır: dövlətlərin özləri qalır, lakin onların arasındakı əngəllər aradan qaldırılır. Azərbaycanla isə bizim aramızda gömrük var. Siz özünüz də yaxşı başa düşürsünüz ki, orada nə baş verir. Bu, həm malların hərəkətinə, həm də sərnişin axınına aiddir.

Azərbaycan vahid iqtisadi məkana inteqrasiya etmək istəmir. O, özünün inkişaf yolunu seçib. Lakin bu gün Azərbaycanın yalnız ehtiyatları var. Bu yolla Norveçin inkişaf etdiyi kimi inkişaf etmək olar. Lakin o da indi Avropa Birliyinə getmək barədə qərar qəbul edir, belə ki, bizim dünyada ayrıca yaşamaq olmaz. Lakin Azərbaycan hələ bunu istəmir. Bəlkə o, Gürcüstanla inteqrasiya edəcək, deyə bilmərəm, lakin GUAM da var. Mənim fikrimcə, Azərbaycanın Moldova, Ukrayna və başqaları ilə heç bir ümumi marağı yoxdur. Əvəzində Amerika siyasəti var və o, bu gün Rusiyanı inandırmaq istəyir ki, bütün MDB ölkələri - Amerika maraqlarının zonasıdır.

- Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması perspektivlərinə dair nə fikirdəsiniz?

- Cəsarətli olmaq və ərazilərin bir hissəsini bu gün qaytarmaq lazımdır. Füzulini vermək lazımdır, mən orada olmuşam, insanları ora qaytarmaq lazımdır. Bu gün birinci mərhələdə stol arxasında əyləşmək və dəmir yolunu blokadadan azad etmək üçün ərazilərin bir hissəsinin qaytarılması haqqında məsələni müzakirə etmək lazımdır. Hazırda bu münaqişə dondurulub. Və bunun günahı Rusiyada deyil, Kosovo oyunu oynayan Avropadadır. Lakin biz hamımız 1975-ci ili xatırlayırıq, o zaman hətta mühafizəkar Brejnev də daha Avropada şəxsi sərhədləri olan hər hansı dövlətin yaradılmasına icazə verilməyən Helsinki aktını imzalayıb. Bu, hər zaman müharibədir. İndiki hərbi texnika ilə isə bu, qorxulu işdir. Və indi biz hamımız Azərbaycanın silahlandığını anlayırıq. Və prinsip etibarilə, əgər indi real, səmərəli tədbirlər görülməsə, o zaman biz onsuz da yenə münaqişəyə yaxınlaşacağıq.

Referendumlar Dnestryanı və Abxaziyada keçirildi, Cənubi Osetiya hazırlaşır. Bütün bunlar Avropanın "ikili standartlar" sistemini tirajladığına görə baş verməyə başladı. Nə üçün Avropaya olar, Rusiyaya isə yox? Əgər Kosovo variantı keçsə, o zaman mən heç cürə başa düşə bilməyəcəyəm ki, Abxaziya nə üçün və nəyə görə Kosovodan pisdir? Əgər tarixi sənədlərə baxsaq, o zaman onlar 30 ildən bir ya Gürcüstandadır, ya da Gürcüstanda deyil.

Dağlıq Qarabağa gəlincə isə, stol arxasında əyləşmək və problemi mərhələlərlə dəqiq şəkildə həll etmək lazımdır. Əgər rayonlar, məsələn, Füzuli qaytarılsa, orada həyat bərpa olunacaq. İnfrastrukturun bərpası məqsədilə artıq bu gün Beynəlxalq Fondun yaradılması haqqında düşünmək olar. Rayonları dəmir yolu boyu qaytarmaq lazımdır, yalnız o zaman danışıqlar prosesində tərpəniş olacaq.

- Ermənistan bu əraziləri Azərbaycana qaytarmalıdır. O, isə bunu etmir. Belə olan halda Azərbaycan nə etməlidir?

- Mən hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini təxmini olaraq bilirəm, lakin bu haqda danışmaq istəmirəm.

Xəbər lenti

Xəbər lenti