...

Bakıda Azərbaycanın ABŞ-dakı birinci səfirinin kitabının təqdimat mərasimi keçirilib

Siyasət Materials 2 Noyabr 2006 17:04 (UTC +04:00)
Bakıda Azərbaycanın ABŞ-dakı birinci səfirinin kitabının təqdimat mərasimi keçirilib

"Azərbaycanın ABŞ-dakı birinci səfiri möhtəşəm dəyişikliklərə qadir insanın keyfiyyətlərinə malikdir". Bu ifadəni ABŞ dövlət katibinin birinci müavini Riçard Armitac Azərbaycanın ABŞ-dakı birinci səfiri, hazırda Azərbaycanın xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin yenidən dərc olunmuş "Racing Up Hill" ("Zirvəyə doğru") kitabına yazdığı resenziyada qeyd edib. Bu barədə Trend xəbər verir.

Noyabrın 2-də Bakı Dövlət Universitetində Azərbaycan höküməti və parlament üzvləri, xarici ölkələrin səfirləri, ölkə ziyalılarının nümayəndələri, tələbə və QHT nümayəndələrinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib.

BDU prorektoru, professor Nərgiz Paşayeva öz çıxışında qeyd edib ki, "Racing Up Hill" kitabı Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan-Amerika münasibətləri tarixinin başlanğıcının zəngin əlyazmasıdır. Onun sözlərinə görə, kitab müstəqil Azərbaycanın okeanın o tayında birinci səfirinin çətin işindən bəhs edir və bu işin nəticəsində Azərbaycan və ABŞ arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə qalxıb. "Beynəlxalq diplomatiyanın zirvəsinə aparan yolda başlıca xüsusiyyətləndən biri diplomatların şəxsi vətəndaşlıq keyfiyyətləridir", - deyə o vurğulayıb. Universitetin prorektoru əminliklə bildirib ki, kitab Azərbaycanın gələcək diplomatları üçün yaxşı vəsait olacaq.

Təqdimatda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, Hafiz Paşayev Azərbaycanın ABŞ-dakı birinci səfiri olarkən ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə əzəmətli töhfə verib. H.Paşayevin xidmətləri arasında o, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlaması prosesinə cəlb olunmasını, Azərbaycan prezidentlərinin ABŞ-a 3 rəsmi səfərini, 11 sentyabr terror aktı zamanı Azərbaycanın ABŞ-a dəstəyini və s. qeyd edib. Səfir vurğulayıb ki, "Racing Up Hill" iki xalqın daha da çox yaxınlaşmasına kömək edəcək.

Müəllif qeyd edib ki, kitabın yazılması ideyası tanınmış politoloq Zbiqnev Bjezinskiyə məxsusdur. Onun sözlərinə görə, kitaba ikitərəfli münasibətlərdə ilk maneələr və ilk uğurları əks etdirən materiallar, 907-ci düzəlişin ləğvi üzrə mübarizə daxildir. Müəllif hesab edir ki, kitab həmçinin lobbi üçün yaxşı vasitədir. H.Paşayev bu ənənəni davam etdirməyi və daha bir kitab yazmaqla, diplomatiyadakı zəngin təcrübəsini bölüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti