...

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 2007-ci il ərzində 50 faiz artırılacaq

Siyasət Materials 6 Noyabr 2006 18:27 (UTC +04:00)

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqlarının 2007-ci il ərzində 50 faizə yaxın artırılması nəzərdə tutulur. Trend in məlumatına görə, bu barədə Milli Məclisində 4 komissiyanın "Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında Maliyyə Nazirliyinin nümayəndəsi Şakir Quliyev açıqlama verib.

O bildirib ki, vəzifə maaşları artırılacaq dövlət qulluqçularının sayı 30 minə yaxındır. Bu da dövlət müəssisələrinin saxlanması xərclərinin cari illə müqayisədə 15,9 faiz artımı deməkdir. Ümumiyyətlə, dövlət orqanlarının saxlanması xərclərində diplomatik nümayəndəliklərin saxlanması xərclərinin 37,5 milyon manat, bu illə müqayisədə 2,8 milyon (8 faiz) manat artıq olması nəzərdə tutulub.

Yeni yaradılan, tabeçiliyi dəyişdirilən dövlət qurumları - Mədəniyyət və Turizm Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 5 yeni yaradılan Apellyasiya Məhkəməsi və digər dövlət qurumlarının xərcləri hesablanaraq büdcə layihəsinə əlavə edilib. İdarəetmədə aparılan islahatlar nəticəsində ləğv edilən və ya təşkilati forması dəyişdirilən qurumların maliyyələşdirilməsi 2007-ci iln büdcə layihəsindən çıxarılıb.

5 yeni məhkəmənin yaradılması və məhkəmə sistemində hakimlərinin sayının 153 nəfər artırılması ilə bağlı xərclər isə büdcə layihəsinə əlavə edilib. Gülüstan Sarayının və kitabxananın saxlanması xərclərinin isə Prezidentin İcra Aparatı strukturuna daxil edilməsi nəzərdə tutulub.

Maliyyə Nazirliyinin digər nümayəndəsi Xaqani Rzayev isə bildirib ki, vahid tarif cədvəli üzrə müəyyən edilmiş vəzifə maaşı alanların sayı 630 min nərəfə yaxındır. Dövlət qulluqçuları kimi onların da il ərzində vəzifə maaşlarının təxminən 50 faiz artırılması nəzərdə tutulub. Lakin vahid tarif cədvəli üzrə müəyyən edilmiş vəzifə maaşlarının artırılması il ərzində iki mərhələdə həyata keçiriləcək. 630 min nəfər işçinin vəzifə maaşlarının artırıması üçün 2007-ci ilin dövlət büdhcəsindən 271 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti