...

İqdır bələdiyyəsinin başçısı: Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mümkün deyil

Siyasət Materials 8 Noyabr 2006 11:12 (UTC +04:00)
İqdır bələdiyyəsinin başçısı: Türkiyə və Ermənistan arasında sərhədlərin açılması mümkün deyil

Trend in Türkiyənin İqdır bələdiyyəsinin başçısı Nurəddin Arasla müsahibəsi

- Hazırda Azərbaycanla münasibətlərinizi necə qurursunuz?

- Azərbaycan və Türkiyə arasında əlaqələrin qədim kökləri var. Bakıda olarkən biz osmanlı əsgərləri üçün də memorialın ucaldıldığı Şəhidlər Xiyabanını ziyarət etdik. Bizdəki Çanaqqalada da bakılıların məzarları var. Biz həqiqətən də "bir millətik" və Heydər Əliyev bu ifadəni doğru söyləyib. Ona görə də ölkələrimiz arasında münasibətlər getdikcə təmiz niyyətlər əsasında genişlənir. Bu münasibətlərin bəhrələrindən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir və həmin layihə vasitəsilə Azərbaycan öz təbii ehtiyatlarını dünyanın istənilən nöqtəsinə nəql etmək imkanı əldə edib. Bu, Azərbaycanın inkişafına xidmət edəcək. İqdıra gəlincə isə, orada yaşayan əhali azərbaycanlı türklərdir. Və beləliklə, təbii ki, bizim Azərbaycanla münasibətlərimiz Türkiyənin başqa vilayətləri ilə müqayisədə daha yaxındır. Bu, xüsusilə də Naxçıvanla münasibətlərdə özünü göstərir.

- İqdırın Hakmehmet kəndində ötən həftənin sonunda Fransa parlamentinin "erməni soyqırımı"nı inkar etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsinə həsr olunmuş etiraz aksiyası keçirilib. Bu tədbir hansı əhəmiyyətə malikdir?

- Hakmehmet kəndi Yerevandan cəmi bir neçə on kilometr məsafədə yerləşir. Kənd sakinləri Fransa parlamentinin erməniləri bilavasitə dəstəkləməklə Türkiyəni sıxışdırmaq məqsədi güdən birtərəfli qərarına etiraz edib.
Erməni ekstremistləri və terrorçularının bəd əməlləri hamıya məlumdur, lakin hamı bu barədə susur. Belə ki, 1919-cu ildə təkcə Hakmehmet kəndində erməni silahlıları 80-dən çox türkü şikəst edib və diri-diri basdırıblar. Belə nümunələr çoxdur. Son yüzillik ərzində ermənilər 2,5 milyondan çox türkü məhv edib. Azərbaycanda da yüz minlərlə azərbaycanlı türk öldürülüb. Erməni terrorunun son təzahürlərindən biri Xocalı soyqırımı olub. Lakin Fransa bu cür diskriminasiya xarakterli qərarlar qəbul edərək, nədənsə əsl həqiqətlər barədə susur.
Fransa parlamentinin qərarına etiraz edən və erməni terrorunu pisləyən belə tədbirlər Türkiyənin başqa yerlərində də keçiriləcək.

- Necə düşünürsünüz, Avropa Birliyinin pressinqi nəticəsində Ermənistanla sərhəd açıla bilərmi?

- Həqiqətən də, Avropa Birliyinə üzv ölkələr bu məsələdə təkid edir. Lakin Türkiyənin Avropa Birliyinə qəbul olunması və Ermənistanla sərhədlərin açılması arasında heç bir əlaqə yoxdur və bu, Helsinki Xartiyası çərçivəsində öz əksini tapmayıb. Lakin AB rəhbərliyi və üzv-ölkələrin özləri həmişə bu məsələ üzrə Türkiyəyə təzyiq göstərirlər və sərhədləri açmağa çağırırlar. Bütün səviyyələrdə bu barədə danışılır və təzyiq dayanmır. Son vaxtlar isə bəzi ölkələr Türkiyənin Avropa Birliyinə daxil olmasının şərti kimi bu məsələni göstərirlər. Bu təzyiqlər nəticəsində sərhədlər açıla bilərmi? Heç vaxt açılmaz!!! Belə ki, Türkiyə Konstitusiyasının müvafiq bəndi buna imkan vermir. Araz çayı bizim sərhədimizdir, hazırda türk əsgərləri burada bizim şərəfimizi qoruyaraq, ermənilərə sərhəddən keçməyə imkan vermədən Ermənistanla sərhəddə layiqincə xidmət edirlər.
Talvek xətti Ermənistan və Türkiyə sərhədlərini ayırır. Lakin Ermənistan Konstitusiyasında bu xətt tanınmır. Biz sərhədləri tanımayan ölkəyə sərhədi necə aça bilərik? Bu, hüquqi baxımdan mümkün deyil. Və bu məsələ üzrə ölkəmizin mövqeyi qətidir. Bir qrup şəxs, erməni diaspor nümayəndələri təzyiq göstərərək, sərhədlərin açılmasını arzu edə bilərlər, lakin bunlar hamısı keçicidir. Bu vəziyyətdə sərhədlərin açılması mümkün deyil. Bunun üçün yalnız mövcud sərhədlərin tanınması deyil, həm də Ermənistanın Azərbaycanla münasibətlərinin yaxşılaşması, eləcə də yerüstü yolla bir neçə saata Bakıya çatmağa imkan verən nəqliyyat arteriyasının azad olunması zəruridir.

- Bu yaxınlarda Türkiyənin nəqliyyat naziri tərəfindən səsləndirilmiş Naxçıvan Muxtar Respublikasından keçməklə, Türkiyə, Azərbaycan və İran arasında tranzit dəhlizinin açılması haqqında layihə nə dərəcədə realdır?

- Dəmir yolu xəttinin Naxçıvan sərhədindən İran ərazisinə çəkilməsi məsələsi və Bakıya qədər uzadılması ehtimalı müsbət şəkildə nəzərdən keçirilir. Yada salmaq lazımdır ki, hələ bu yaxınlarda Ermənistan ABŞ Konqresində Qars-Axalkalaki-Tbilisi-Bakı dəmiryol xəttinin inşası layihəsinin banklar tərəfindən kreditləşdirilməsini qadağan edən qanunverici aktın qəbul olunmasına nail olub və müvafiq ölkə və banklara bu barədə xəbərdarlıq edilib. Lakin Ermənistan gündən-günə zəifləyir və onun zəifləməsinə qabaqcadan qərar verilib. Eyni zamanda Azərbaycan getdikcə güclənir, o, bütün dünya üçün açıqdır, demokratik islahatlar siyasətini həyata keçirir, bütün ölkələrlə yaxşı münasibətlərə malikdir, hazırda əla xarici siyasətə malikdir, bu isə dünya cəmiyyəti tərəfindən tam şəkildə dəstəklənir. ABŞ və bir sıra digər ölkələrin Qars-Axalkalaki-Tbilisi-Bakı layihəsinin reallaşdırılmasına mənfi reaksiya göstərmələrinə baxmayaraq, mən bu layihəyə inanıram. Bununla yanaşı, həmçinin Naxçıvandan İrana dəmir yolu qolunun çəkiliş layihəsini dəstəkləməmək üçün də heç bir səbəb yoxdur- bunun yalnız xeyri olacaq. Beləliklə, İpək yolu yalnız genişlənəcək.

- Bu gün İqdır və Ermənistan arasında ticarət əlaqələri mövcuddurmu?

- Əlbəttə, Türkiyənin müxtəlif şəhərlərində bəzi iş adamları Ermənistanla ticarət əlaqələrinə malikdir. Bu, reallıqdır və onlar əsasən Qarsdan olan bir qrup şəxsdir. Biz bunu bilirik, öz bizneslərində "Ararat" sözündən istifadə edən avtobuslar, şirkətlər, təşkilatlar var. Lakin İqdırın əksər, demək olar ki, bütün hissəsi Ermənistanla münasibətdə olmaq istəməyən şəxslərdən ibarətdir. İstisnalar da var və əgər onların kökünə nəzər salsaq, görərik ki, onlar Qarsdan və Türkiyənin başqa vilayətlərindən olan şəxslərdir. Lakin iqdırlıların özlərinin mövqeyi birmənalıdır.
Ticarət Palatasının sədri burada olub və komanda yığaraq, ticari münasibətləri nizamlamaq üçün Yerevana yola düşüb. Biz bu barədə bilmirdik - məlumat səfərdən sonra məlum olub. Həmin məmur dərhal tutduğu vəzifədən uzaqlaşdırılıb və bu vəzifəyə daha layiqli rəhbər təyin olunub. Belə bir hal olub. Lakin tam səmimi şəkildə deyə bilərəm ki, İqdırda belə şəxslərin sayı son dərəcə məhduddur.

- İqdır əhalisi arasında erməni millətindən olan şəxslər varmı?

- Hazırda İqdırda erməni yoxdur. Mən İqdırda erməni görməmişəm. Onlar Osmanlı imperiyasının dövründə qismən burada yaşayıblar. Lakin biz bir qrup şəxsin, eləcə də erməni diasporunun İqdırın bəzi yaşayış məntəqələrinin ermənilərə məxsus olması barədə bəyanatlarına rast gəlirik. Onlar həmçinin bəzi kilsələrin müsəlmanlara deyil, ermənilərə məxsus olmasını bəyan edərək, həmin kilsələrə iddia edirlər. Sadəcə olaraq, onlar bilməlidirlər ki, türklər islamı qəbul etməzdən əvvəl xristian olub və onların da kilsələri olub. İqdır qədim türk bölgəsidir, Məlik şah burada yaşayıb, səlcuk rəhbərləri də burada olub və bir sıra tarixi abidələrdə, o cümlədən Qara Qalada, Karvansarayda bunu təsdiq edən faktlar göstərilir. Bundan əlavə, buradakı məzarlıqlardakı başdaşı yazıları və simvollar onların türklərə məxsus olduğundan xəbər verir. Beləliklə, İqdır qədim türk şəhəridir. Osmanlı imperiyası zamanı burada yaşayan ermənilər isə ticarətlə məşğul olub, kifayət qədər zəngin olub və təmtəraqlı həyat sürüblər.

- Şamaxı və İqdırın qardaşlaşmış şəhərlər elan olunması haqqında qərarın reallaşdırılması hansı mərhələdədir?

- İqdır və Naxçıvan artıq çoxdan qardaşlaşmış şəhərlərdir. Azərbaycan prezidenti İlham Əliyevin İqdır və Şamaxının qardaşlaşmış şəhərlər elan olunması haqqında qərarından sonra İqdır bələdiyyəsi müvafiq qərar qəbul edib. Yaxın vaxtlarda, təxminən noyabrın 20-də, İcra hakimiyyəti ilə birgə İqdır nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunacaq. Nümayəndə heyətinə sahibkarlar da daxil olacaq. Mən özüm indiyədək Şamaxıda olmamışam, lakin məlumatlara görə, İqdır və Şamaxının fiziki xüsusiyyətləri təqribən üst-üstə düşür. Bununla yanaşı, biz digər şəhərlərdə olacaq, yeni insanlarla görüşəcək, söhbət edəcək, dostluq yaradacaq, münasibətləri inkişaf etdirəcəyik. İqdır iş adamlarının missiyanın tərkibinə daxil edilməsi iqtisadi münasibətlərin inkişafına, sərmayə qoyuluşuna, birgə müəssisələrin təşkilinə yardım edəcək, həyat səviyyəsini və standartları yüksəldəcək. Azərbaycan prezidenti İlham Əliyev bu istiqamətdə qəti fikirdədir, bizi, o cümlədən iqdırlıları dəstəkləyir. Və bu baxımdan biz çox şadıq, belə ki, Azərbaycanla olan münasibətlər genişlənəcək və davam edəcək.

Xəbər lenti

Xəbər lenti