...

Dövlət Statistika Komitəsinin başçısı: Bir il ərzində Azərbaycanda ümumi inflyasiya 7,7% təşkil edib

Siyasət Materials 10 Noyabr 2006 11:41 (UTC +04:00)

2005-ci ilin oktyabr ayından 2006-cı ilin oktyabr ayına qədər Azərbaycanda ərzaq mallarının qiyməti 11% artıb. Trend xəbər verir ki, bu barədə bu gün Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib.

"Elə həmin dövrdə qeyri-ərzaq mallarının qiyməti 5% artıb. Nəticədə bir il ərzində Azərbaycanda ümumi inflyasiya 7,7% təşkil edib", - deyə A.Vəliyev bildirib.

Ölkədə elə ərzaq malları var ki, bir il ərzində onların qiyməti xeyli artıb. "Məsələn, qəndin qiyməti - 31%, ətin qiyməti - 22%, kartofun qiyməti - 20%, südün qiyməti - 13%, soğanın qiyməti - 41% artıb", - deyə A.Vəliyev qeyd edib.

Dövlət Statistika Komitəsinin başçısı qeyd edib ki, bir il ərzində çayın, kərə yağının, pendirin, makaronun, unun, mobil telefonların, kompüter və rabitə xidmətlərinin qiyməti aşağı düşüb. Məhz bu səbəbdən Azərbaycandakı inflyasiya birrəqəmlidir.

A.Vəliyev bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) hər rüb Azərbaycanda inflyasiyanın hesablanmasının metodikasını öyrənir, indiyədək heç bir töhmət olmayıb.

Xəbər lenti

Xəbər lenti