...

Müsavatçı deputat qrupu büdcə layihəsi ilə bağlı mövqeyini mətbuata açıqladı

Siyasət Materials 10 Noyabr 2006 14:12 (UTC +04:00)

Noyabrın 10-da Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanı Milli Məclisdə təmsil edən duputatlar mətbuat kofnransı keçiriblər. Trend in məlumatına görə, noyabrın 9-da Milli Məclisin iclasında 2007-ci il dövlət büdcəsinin müzakirələrində Müsavat deputat qrupunun çıxışı zamanı vaxtın məhdudlaşdırılması məsələsi, həmçinin müxalifətçi millət vəkillərinin dövlət büdcəsinə dair fikir və təklifləri haqda danışılıb.

İsa Qəmbər bildirib ki, parlamentin iclasında deputatların çıxışı üçün 10 dəqiqə vaxt ayrılıb, lakin Müsavatçı deputatlara növbə çatanda bu faxt 5 dəqiqəyə endirilib: "Çünki 5 nəfər müsavatçı deputatın çıxışı 50 dəqiqə vaxt deməkdir. Müsavat Partiyasının Divanı parlamentin bu hərəkətini müzakirəyə çıxardı və dövlət büdcəsi məsələsini daim diqqətdə saxlamağa, tədbirlər həyata keçirməyə qərar verdi"-deyə İ.Qəmbər bildirib.

Sonra Müsavatçı millət vəkilləri çıxış edərək parlamentdə səsləndirə bilmədikləri məsələlər barədə danışıblar. Millət vəkili İltizam Əkbərli bildirib ki, gələn ilin dövlət büdcəsində bələdiyyələrə ayrılan vəsait artırılmalı, onlara məqsədyönlü maliyyə yardımları edilməli, tikinti üçün xərclərin təfsilatı verilməli, müharibə əlilləri, şəhid ailələrinə yardımların həcmi artırılmalıdır. İ.Əkbərlinin sözlərinə görə, büdcə layihəsində bəzi sahələr üzrə xərclər qeyri-şəffaf qaldığı üçün parlamentin dövlət büdcəsinin 50 faizinə nəzarət etmək imkanı yoxdur.

Millət vəkili Arzu Səmədbəyli büdcə layihəsinin müzakirələrinin davamlı olmasının vacibliyini qeyd edib. Digər deputat Pənah Hüseyn isə qeyd edib ki, parlamentin qanunun müddəalarını səsvermə yolu ilə dəyişdirmək, millət vəkillərinin çıxış limitini azaltmaq səlahiyyəti yoxdur. P.Hüseyn büdcədən vəsaitin yayındırılması hallarının qarşısını almağın vacibliyini vurğulayıb. Digər deputatlar da büdcə layihəsinə dair öz təklif və iradlarını söyləyiblər.

Qeyd edək ki, Müsavatçı deputat qrupu etiraz əlaməti olaraq parlamentdə büdcə layihəsinin müzakirələrində iştirakdan imtina etmək qərarı verdilər.

Xəbər lenti

Xəbər lenti