Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və sədr müavini Əli Əhmədovun rəhbərliyi ilə partiyanın nümayəndə heyəti Türkiyəyə yola düşüb. Bu barədə Trend ə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı məlumat verib.
Qeyd edək ki, bu gün - noyabrın 11-də Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının ikinci qurultayı keçirilir. Qurultaya dəvət alan YAP da nümayəndə heyəti ilə qurultayda qonaq qismində təmsil olunur. YAP adından AKP-yə təbrik ünvanlanacaq, həmçinin Əli Əhmədov bu partiyanın rəhbərliyi ilə görüşlər keçirəcək.
"AKP ilə Yeni Azərbaycan Partiyası arasında ikitərəfli əlaqələr var. Partiyaların nümayəndə heyətlərinin qarşılıqlı səfərəri olub. Bu gün də bizim sıx əlaqələrimiz var və bu əlaqələr həm partiyalar, həm qadınlar şurası, həm gənclər təşkilatları arasında əməkdaşlıq səviyyəsindədir. Qurultayla bağlı səfər çərçivəsində keçiriləcək görüşlərdə də AKP ilə YAP arasında əlaqələrin perspektivləri və gələcəkdə birgə tədbirlər, görüşlər barədə müzakirələr aparılacaq"-deyə M.Qurbanlı məlumat verib.
Nümayəndə heyətinə YAP Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov da daxildir.