...

Azərbaycan XİN başçısı: Dondurulmuş münaqişələr Cənubi Qafqaz ölkələri üçün əsas çağırışdır

Siyasət Materials 14 Noyabr 2006 12:43 (UTC +04:00)
Azərbaycan XİN başçısı: Dondurulmuş münaqişələr Cənubi Qafqaz ölkələri üçün əsas çağırışdır

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan Brüsseldəki danışıqlarda Dağlıq Qarabağ problemlərinin həllində irəliləyişə nail olmaq niyyətindədirlər. Trend İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə onlar Brüsseldə bazar ertəsi axşam keçirilən birgə mətbuat konfransında bəyan ediblər.

Bu gün Brüsseldə AB və Cənubi Qafqazın üç dövləti - Gürcüstan, Ermənistan və Azərbaycan arasında Avropa qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planı imzalanacaq. Bu sənədlər imzalandıqdan sonra Azərbaycan və Ermənistan XİN başçıları ikitərəfli danışıqlar aparmaq üçün görüşəcəklər. Hər iki nazir əminliklə bildiriblər ki, Fəaliyyət planının imzalanması Dağlıq Qarabağ problemi üzrə irəliləyişə nail olmaq üçün yaxşı imkan olacaq.

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov dondurulmuş münaqişələri "Cənubi Qafqaz ölkələri üçün əsas çağırış" adlandırıb. O, erməni həmkarının nikbinliyinə şərik olaraq, vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində "son dərəcə ehtiyatla" irəliləmək lazımdır.

Öz növbəsində Ermənistanın xarici işlər naziri Vardan Oskanyan vurğulayıb ki, Fəaliyyət planlarında "bölgədəki vəziyyətin ümumi görünüşü var". "Biz Fəaliyyət planlarını imzaladıqdan sonra Dağlıq Qarabağ problemini müzakirə etmək üçün başqa otağa keçdikdə bu, prinsip etibarilə danışıqlar prosesinin yeni mərhələsi olacaq. Biz irəliləyişə nail olmaq və bu problem üzrə prezidentlərimizin görüşünü hazırlamaq üçün əlimizdən gələni edəcəyik", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti