"Yeni qonşuluq" siyasəti çərçivəsində Fəaliyyət Proqramı Cənubi Qafqaz ölkələri üçün faydalı olacaq. Bu barədə Azadlıq radiosuna müsahibəsində AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana (Javier Solana) bəyan edib.
"Proqramın məqsədi Azərbaycan, Ermənistan və Gürcüstanı AB ilə yaxınlaşdırmaqdan ibarətdir. Bu, "yeni Avropa qonşuluğu" adlı mexanizm vasitəsilə həyata keçiriləcək. Bu cür texnologiya son nəticədə AB-nin üzvü olmuş ölkələrdə tətbiq olunub", - deyə Solana bildirib.
O vurğulayıb ki, Fəaliyyət Proqramı təkcə siyasətə deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinə də aiddir. Onun sözlərinə görə, Fəaliyyət Proqramı AB və Cənubi Qafqazın 3 ölkəsinin hökumətləri ilə razılaşdırılıb. Bu barədə Trend Novosti-Armeniya-ya istinadən xəbər verir.
"AB yox, siz öz ölkələrinizi idarə etməlisiniz. Əgər hökumət hər şeyi düzgün edərsə, o zaman AB-nin xalqa köməyi çatacaq", - deyə Solana qeyd edib. Onun sözlərinə görə, əks halda hökumətlə əməkdaşlıq məhdudlaşdırılacaq. "Bu, ikitərəfli razılaşma olduğundan, fayda da qarşılıqlı olacaq", - deyə AB nümayəndəsi vurğulayıb.
O bildirib ki, demokratiyanın ümumi dəyərləri və qanunun aliliyi AB üçün əsas əhəmiyyət kəsb edir. "Yaxşı idarəetmə özündə təkcə iqtisadiyyatın yaxşı idarə olunmasını deyil, həm də hüquq və demokratiyanın da qorunmasını birləşdirir. Bu, proqramın bir hissəsidir", - deyə H.Solana bəyan edib.
O bildirib ki, Cənubi Qafqazın hər bir ölkəsi üçün ayrı-ayrı proqramlar hzırlansa da, ümumi məqsəd regional əməkdaşlığı stimullaşdırmaqdan ibarətdir.
"Bu region coğrafi cəhətdən AB-yə, Qara və Xəzər dənizlərinə yaxındır. Bu, dünyanın iki hissəsini birləşdirən çox mühüm regiondur və əhəmiyyətli rol oynaya bilər. Biz istəyirik ki, Cənubi Qafqazın 3 ölkəsi bir-biri ilə vahid region kimi işləsin. Bu, Cənubi Qafqaz regionu ilə gerçəkləşdirilməsinə başlanmış proqramın əsas müddəasıdır", - deyə Cənubi Qafqaz üzrə nümayəndə qeyd edib.
"Əgər biz sizinlə region kimi işləmək istəyiriksə, o zaman regionda mövcud olan münaqişələr həll olunmalıdır", - deyə o əlavə edib. Solana ümid etdiyini bildirib ki, AB ilə əməkdaşlıq Cənubi Qafqazda sülhün bərqərar olması üçün dönüş nöqtəsi ola bilər.
Bu gün Brüsseldə "Yeni Qonşuluq" siyasəti çərçivəsində Ermənistan-AB Fəaliyyət Proqramı rəsmən təsdiqlənib.
Müvafiq sənədi Ermənistanın XİN başçısı Vardan Oskanyan və Finlandiyanın xarici ticarət və inkişaf naziri Paola Lehtomyaki (Paula Lehtomaki) imzalayıb.
Fəaliyyət Proqramının gerçəkləşdirilməsi prosesi inteqrasiyanın səviyyəsinin əməkdaşlıqdan daha yüksək səviyyəyə artırılması imkanlarını nəzərdə tutur.