Bakıda İslam Konfransı Təşkilatı ölkələrindən aparıcı gənclər təşkilatlarının rəhbərləri üçün "Lider vərdişlərinin inkişafı" mövzusuna həsr olunmuş beynəlxalq konfrans və treninqlər keçirilir. Trend in xəbər verdiyi kimi, tədbirdə İKT-yə üzv olan 40 ölkədən gənclər təşkilatları və Azərbaycandan 20-dək təşkilat iştirak edir.
Konfransın açılışında çıxış edən Forumun baş katibi Elşad İsgəndərov bəyan edib ki, bu proqramın əsas məqsədi lider bacarıqlarının inkişaf etdirilməsindən, İKT ölkələrindən olan gənclərə İslamın etik prinsipləri çərçivəsində liderlik konsepsiyasının, o cümlədən birgə işlə bağlı bilik və vərdişlərin öyrədilməsindən ibarətdir. Tədbir İslam İnkişaf Bankı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.
Tədbirin açılışında iştirak edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, onlar bu tədbirin ölkədə keçirilməsi təşəbbüsünü çox yüksək qiymətləndirir və bu cür təlimləri İKT ölkələrinin gəncləri üçün mühüm hesab edir.
Qeyd edək ki, təlimlər peşəkar beynəlxalq və yerli mütəxəssislər tərəfindən keçirilir. Sonda isə iştirakçılara bu proqramda iştirakla bağlı sertifikat veriləcək.
Bundan başqa iştirakçılara Forumun təşəbbüsü ilə "İKT ölkələrində münaqişələr və humanitar faciələr" silsiləsindən ilk dəfə ərəb dilində nəşr olunmuş "Qarabağ: faktlar və nəticələr" adlı kitab paylanacaq.