...

Əli Həsənov: "Xaqani 33 ünvanındakı bina əvvəlki sahibinə - Müəllimləri Təkmilləşdirmə İnstitutunun Bakı filialına verilməlidir"

Siyasət Materials 22 Noyabr 2006 14:34 (UTC +04:00)
Əli Həsənov: "Xaqani 33 ünvanındakı bina əvvəlki sahibinə - Müəllimləri Təkmilləşdirmə İnstitutunun Bakı filialına verilməlidir"

"Məhkəmə qərarı ilə Xaqani 33 ünvanında yerləşən strukturlar həmin binadan çıxarılacaqsa, biz hakimiyyət olaraq onları müvafiq yerlə təmin edəcəyik". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O qeyd edib ki, məhkəmə qərarı çıxmayana qədər heç kəs binanın onlardan alınmayacağını, yaxud kiməsə veriləcəyni deyə bilməz: "Mətubat orqanlarında belə məlumat yayılıb ki, bu binanı kiməsə satıblar, burda nəsə tikəcəklər. Ona görə mən belə bir fikir səsləndirdim ki, əgər bu bina media orqanlarına hətta geri qaytarılsa belə, bina əvvəlki sahiblərinə verilməlidir. Bu da Müəllimləri Təkmilləşdirmə İnstitutunun Bakı filialıdır. Hazırda isə biz məhkəmənin qərarını gözləməli və hüquqi dövlətdə yaşadığımızdan məhkəmə qərarına hörmətlə yanaşmalıyıq"-deyə Əli Həsənov vurğulayıb.

O əlavə edib ki, məhkəmə qərarı ilə bu strukturlar həmin binadan çıxarılacaqsa, onlara hansısa kompensasiya verilməsi də məhkəmə predmetidir və belə məsələlərə baxıla bilər. Əli Həsənovun sözlərinə görə, bir neçə KİV-in Xaqani 33 ünvanından çıxarılması məsələsi həm də siyasiləşdirilir.

"Onlar şəhərin mərkəzində rahat yerlərindən çıxmaq istəmirlər. Ümumiyyətlə, hər bir qəzet, digər strukturlar bir yerdən başqa yerə köçmək istəmir. Digər tərəfdən, bu hadisəni siyasiləşdirir, mətbuata, müxalifət düşərgəsinə basqı kimi qiymətləndirərək bu şəkildə təbliğat aparırlar. Bu aksiyada müəyyən qədər siyasi rəng var".

Xəbər lenti

Xəbər lenti