"Demokratik İslahatlar Partiyası ANS-in bağlanması ilə əlaqədar narahatlığını bildirir. Partiya Milli Televiziya və Radio Şurasını hətta telekanalın fəaliyyətində qanunvericiliklə ziddiyyət təşkil edən məqamlar aşkarlandıqda belə inzibati rıçaqlardan istifadə etməməyə çağırır". Trend in məlumatına görə, bu fikirlər DİP-in Siyasi Şurasının "ANS" telekanalının yayımının dayandırılması ilə bağlı qəbul etdiyi bəyanatdandır.
DİP hesab edir ki, problemin hüquqi müstəvidən siyasi qarşıdurma müstəvisinə keçirilməsi ölkəyə sabitlik və beynəlxalq arenada nüfuz gətirməyəcək: "Bizim fikrimizcə, söz azadlığının, ölkənin demokratik inkişafının və Azərbaycanın beynəlxalq imicinin maraqları ölkə ictimaiyyətini informasiya mənbələrindən birindən məhrum etməyi deyil, əgər qanun pozuntuları varsa belə, onları birgə səylərlə aradan qaldırmağı diqtə edir"-deyə bəyanatda vurğulanır.