...

Azərbaycan prezidenti Minskdə səfərdədir

Siyasət Materials 27 Noyabr 2006 20:16 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Minskə gəlib. Trend AzTV-yə istinadən xəbər verir ki, Minskin hava limanında Azərbaycan prezidentini MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylo və digər rəsmi şəxslər qarşılayıb. Dövlət başçımız hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Xatırladaq ki, MDB Dövlət başçıları şurası sabah Minskdə keçirilən sammitdə MDB-nin səmərəliliyinin artırılması haqqında məruzəni müzakirə edəcək.

Dövlət başçıları yüksək səviyyəli qrup tərəfindən Müstəqil Dövlətlər Birliyinin səmərəliliyinin artırılması məsələləri üzrə hazırlanmış Birliyin inkişaf perspektivləri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər. Dövlət başçıları yanaşmaları müzakirə edəcək və Birliyin təkmilləşdirilməsi və dəyişdirilməsi üzrə mövqeləri razılaşdıracaqlar.

Toplantı gündəliyinin layihəsində cəmi 21 məsələ göstərilib. Onların tematikası müxtəlifdir və humanitar və iqtisadi əməkdaşlıq, təhlükəsizlik və yeni çağırış və təhdidlərə müqavimət sahələrində inkişafa yönəldilib.

O cümlədən, dövlət başçılarının diqqətinə Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin humanitar əməkdaşlığı üzrə Şura haqqında Saziş, Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qanunsuz mühacirət ilə mübarizədə əməkdaşlığın fəallaşdırılması haqqında Bəyanatları, Müstəqil Dövlətlər Birliyinin İqtisadiyyat Məhkəməsinin statusu haqqında 6 iyul 1992-ci il tarixli Sazişdə dəyişiklik və əlavələrin edilməsi haqqında Protokol layihəsi çatdırılacaq.

Bir sıra razılaşdırılmış sənədlərin müzakirəsiz imzalanması təklif olunub (13 sənəd). Onlara Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin qanunsuz gəlirlərin leqallaşdırılması (yuyulması) və terrorun maliyyələşdirilməsinə müqavimət haqqında Müqavilə; Məhkəmə icraatı iştirakçılarının müdafiəsi haqqında Saziş; 2007-2010-cu illər üçün Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin insan alveri ilə mübarizədə əməkdaşlıq Proqramı; 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin qeyd olunmasının əbədiləşdirilməsi haqqında Qərar aiddir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin Antiterror mərkəzi haqqında Əsasnamədə, Sərhəd qoşunları komandanları Şurası haqqında Əsasnamədə əlavə və dəyişikliklərin edilməsi planlaşdırılır. Müstəqil Dövlətlər Birliyinin ölkə başçıları Şurasının qərarlarına xitam verilməsi, Müstəqil Dövlətlər Birliyinin Fərmanla təltif olunması, Müstəqil Dövlətlər Birliyinin İqtisadiyyat məhkəməsinin sədr müavini haqqında qərarlara baxılacaq.

MDB iştirakçı-dövlətlərdən və Birlik orqanlarından əlavə təkliflər daxil olub (6 məsələ). Hazırda MDB Dövlət başçıları şurasına Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev sədrlik edir.

Xəbər lenti

Xəbər lenti